Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Sənətçinin qızı Tuğyan Ülkəm Gülter barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası hökmü çıxarılıb.
Editor.az bu barədə Türkiyənin NTV telekanalına istinadən xəbər verir.
Məlumata görə, Güllünün ölümü ilə bağlı iş üzrə yeganə təqsirləndirilən şəxs onun qızı Tuğyan Ülkəm Gülter olub. O, valideynini əvvəlcədən planlaşdıraraq qəsdən öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Hökm elan edilərkən Gülterin ağladığı bildirilib.
Xatırladaq ki, Türkiyədə Güllü adı ilə tanınan 52 yaşlı müğənni Gül Tut 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yaşadığı binanın pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə şübhəli ölüm kimi araşdırılıb.




