Qara dənizin Rumıniya sahillərində ticarət gəmisinin batması nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər itkin düşüb. Gəminin göyərtəsində olan 13 nəfərdən üçünün Azərbaycan vətəndaşı olduğu bildirilir.
Editor.az-ın məlumatına görə, bu barədə “Realitatea Plus” telekanalı mənbələrə istinadən xəbər yayıb.
Məlumata əsasən, saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə gəminin qəza vəziyyətinə düşməsi ilə bağlı həyəcan siqnalı daxil olub. Hadisə zamanı gəmidə 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər olub.
9 nəfər xilas edilib, itkin düşənlər axtarılır
İlkin məlumatlara görə, qəza yerindən 9 nəfər sağ çıxarılıb. Bir nəfərin öldüyü, daha 3 nəfərin isə itkin düşdüyü bildirilir.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Dənizdəki əlverişsiz hava şəraiti xilasedicilərin işini çətinləşdirir.
Gəminin batma səbəbi məlum deyil
Gəminin hansı şəraitdə zədələndiyi və batmasına nəyin səbəb olduğu hələlik açıqlanmayıb. İlkin məlumatlarda onun neft məhsulları daşıya biləcəyi qeyd edilir.
Hadisə ilə bağlı araşdırmalar və xilasetmə əməliyyatı davam edir. Gəmidə olan Azərbaycan vətəndaşlarının vəziyyəti barədə əlavə məlumatın veriləcəyi gözlənilir.




