Dünya · Editor.az

Hər gün duşda etdiyiniz bu kiçik dəyişiklik həm sağlamlığınızı yaxşılaşdıra, həm də pulunuza qənaət etdirə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hər gün duşda etdiyiniz bu kiçik dəyişiklik həm sağlamlığınızı yaxşılaşdıra, həm də pulunuza qənaət etdirə bilər xəbəri üçün şəkil

Gündəlik həyatınızda edəcəyiniz kiçik bir dəyişiklik həm sağlamlığınıza müsbət təsir göstərə, həm kommunal xərclərinizi azalda, həm də ətraf mühitin qorunmasına töhfə verə bilər. Söhbət səhər duş qəbul edərkən suyun temperaturunu aşağı salmaqdan gedir.

İlk baxışdan xoş görünməyən bu vərdişin bir sıra faydaları olduğu bildirilir. Üstəlik, bunun üçün əlavə pul xərcləməyə ehtiyac yoxdur. Sadəcə, isti su əvəzinə daha sərin su ilə duş qəbul etməyə alışmaq lazımdır.

Psixoloq doktor Lena Qleyzer soyuq duş qəbul etməyin çoxlarının xoşuna gəlmədiyini, lakin gündəlik həyata asanlıqla daxil edilə biləcək kiçik bir dəyişiklik olduğunu deyir. Onun fikrincə, bu vərdiş ətraf mühitə təsiri baxımından təkrar emal kimi faydalı addımlarla müqayisə oluna bilər.

Əksər insanlar ekoloji həyat tərzini seçərkən avtomobildən az istifadə etmək, təyyarə ilə səyahəti məhdudlaşdırmaq və ya ət istehlakını azaltmaq kimi vərdişlərdən imtina etməli olduqlarını düşünürlər. Bəzi hallarda isə bu, günəş panelləri və elektrik avtomobilləri kimi bahalı investisiyalar tələb edir.

Doktor Qleyzer isə insanları ciddi məhrumiyyətlərə məcbur etmədən gündəlik həyatlarına uyğunlaşdıra biləcəkləri kiçik dəyişikliklərin uzunmüddətli nəticələrini araşdırmaq qərarına gəlib.

Soyuq duş qəbul edənlərin sağlamlığında hansı dəyişikliklər baş verib?

Araşdırmada 18-65 yaş aralığında olan 719 nəfər iştirak edib. Onlardan 12 həftə ərzində duş zamanı suyun temperaturunu bacardıqları qədər aşağı salmaları istənilib.

Tədqiqatda iştirak etmək üçün könüllülərin sağlam olması və əvvəllər müntəzəm olaraq soyuq duş qəbul etməməsi əsas şərt olub.

Təcrübənin ilk günləri hər kəs üçün asan keçməyib. İştirakçıların bir qismi bu vərdişin yaratdığı narahatlığa dözə bilməyərək ilk iki həftə ərzində araşdırmanı dayandırıb. Lakin sonrakı mərhələdə iştirakdan imtina edənlərin sayı azalıb.

Doktor Qleyzer bunu insanların zaman keçdikcə soyuq suya alışması ilə izah edir.

Təcrübəni davam etdirənlər duşdan dərhal sonra özlərini daha gümrah, enerjili və ayıq hiss etdiklərini bildiriblər. Bəzi iştirakçılar isə xoşlarına gəlməyən bir işi bacardıqları üçün özlərini daha yaxşı hiss etdiklərini qeyd ediblər.

Daha uzun müddət bu vərdişi davam etdirənlər fiziki və psixoloji vəziyyətlərində müsbət dəyişikliklər müşahidə etdiklərini söyləyiblər.

Maraqlı nəticələrdən biri də xəstəliklə əlaqədar qeydə alınan günlərin sayı ilə bağlı olub. Araşdırmada iştirak edənlər nəzarət qrupu ilə müqayisədə orta hesabla 31 faiz daha az xəstəlik günü keçiriblər.

Bununla belə, soyuq suyun sağlamlığa təsirləri ilə bağlı elmi araşdırmaların hələ məhdud olduğu vurğulanır. Soyuq suyun əhval-ruhiyyəni yaxşılaşdırması, enerjini və diqqəti artırması, iltihabı və əzələ ağrılarını azaltması, immun sisteminə müsbət təsir göstərməsi ilə bağlı müxtəlif iddialar mövcuddur. Lakin bu təsirlərin hamısı elmi baxımdan qəti təsdiqlənməyib.

Soyuq duş kommunal xərcləri necə azalda bilər?

Soyuq duşun başqa bir üstünlüyü isə ailə büdcəsinə qənaətlə bağlıdır.

Belə duş qəbul edərkən insanların suda uzun müddət qalmaq istəməməsi su sərfiyyatını da azalda bilər. Bundan əlavə, suyun qızdırılması üçün daha az enerji istifadə olunur. Nəticədə həm elektrik və ya qaz sərfiyyatına, həm də kommunal ödənişlərə qənaət etmək mümkündür.

Hesablamalara görə, 40 litr su ilə təxminən 3-4 dəqiqə davam edən duş zamanı temperaturun 40 dərəcədən 15 dərəcəyə endirilməsi 1,3 kilovat-saat enerjiyə qənaət etməyə imkan verir.

Bu qədər enerji bir paltaryuyan maşının işlədilməsi və ya mobil telefonun təxminən 100 dəfə enerji ilə doldurulması üçün kifayət edə bilər.

12 həftəlik araşdırma müddətində iştirakçılar adambaşına düşən karbon qazı emissiyasını 15 kiloqram azaldıblar. Bu göstərici avtomobillə təxminən 100 kilometr yol qət edərkən yaranan emissiyaya bərabərdir.

Soyuq duşa necə alışmaq olar?

Mütəxəssis bu vərdişə birdən-birə başlamağı deyil, suyun temperaturunu tədricən azaltmağı tövsiyə edir. İnsanların hər gün eyni dərəcədə soyuq suya dözməsi vacib deyil.

Doktor Qleyzer bildirir ki, suyun temperaturunu hər gün eyni səviyyədə saxlamaq məcburiyyəti yoxdur. Əsas məsələ orqanizmin reaksiyasını izləmək və insanın özünü necə hiss etdiyinə diqqət yetirməsidir.

Onun sözlərinə görə, bəzən insanın özünü bir qədər çətinliyə alışdırması faydalı ola bilər.

Bununla belə, soyuq duş hər kəs üçün uyğun deyil. Xüsusilə ürək-damar xəstəlikləri və digər ciddi sağlamlıq problemləri olan şəxslər bu cür vərdişə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑