Dünya · Editor.az

BMT-dən qorxulu xəbərdarlıq: Yer kürəsi 2,6 dərəcə istiləşə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BMT-dən qorxulu xəbərdarlıq: Yer kürəsi 2,6 dərəcə istiləşə bilər xəbəri üçün şəkil

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramı xəbərdarlıq edir ki, ölkələr iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində verdikləri vədləri yerinə yetirsələr belə, 2100-cü ilə qədər qlobal temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 2,6 dərəcə arta bilər. Bu ssenari iqlim böhranının qarşısını almaq üçün hazırkı tədbirlərin yetərli olmadığını göstərir.

UNEP-in Emissiya Boşluğu Hesabatına əsasən, ABŞ-ın Paris İqlim Sazişindən rəsmi şəkildə çıxması və əvvəlki dövrlərin emissiyalarına dair hesablamaların yenilənməsi qlobal istiləşmə ilə bağlı proqnozları ötən illə müqayisədə pisləşdirib.

Hesabata görə, ölkələr BMT-yə təqdim etdikləri milli iqlim planlarında nəzərdə tutulan öhdəlikləri tam yerinə yetirsələr belə, əsrin sonunadək temperatur artımının 2,6 dərəcəyə çatacağı gözlənilir. Dövlətlər yeni öhdəliklər götürmədən hazırkı siyasətlərini davam etdirsələr, istiləşmə 2,8 dərəcəyə qədər yüksələ bilər.

ABŞ-ın emissiyaları artırması vəziyyəti daha da ağırlaşdırıb

Hesabatda ABŞ-ın ötən il istixana qazı emissiyalarını artırmasının qlobal iqlim hədəflərinə çatmağı çətinləşdirdiyi vurğulanıb.

Məlumata görə, ABŞ-da 2025-ci ildə karbon qazı ekvivalenti ilə hesablanan emissiyalar 133 milyon ton artıb. Bu yüksəliş elektrik enerjisinə tələbatın çoxalması və elektrik istehsalında kömürdən istifadənin yenidən genişlənməsi ilə əlaqələndirilir.

Ötən il emissiyalarını artıran 124 ölkənin ümumi artımı 189 milyon ton karbon qazı ekvivalenti təşkil edib. Bunun təxminən 70 faizi ABŞ-ın payına düşüb. Emissiyalarını azaldan 63 ölkə isə bu hesablamaya daxil edilməyib.

Hesabatın əsas müəllifi Anne Olhoff bildirib ki, ABŞ-ın siyasətindəki dəyişikliklər əsrin sonuna qədər qlobal temperatur artımına əlavə 0,1 dərəcə təsir göstərə bilər.

Climate Analytics təşkilatının rəhbəri Bill Hare isə ABŞ-ı bərpaolunan enerji mənbələrinin inkişafına mane olmaqda və kömürdən istifadəyə dəstək verməkdə ittiham edib. Onun fikrincə, Vaşinqtonun mövqeyi digər ölkələrin də iqlim tədbirlərindən geri çəkilməsinə təsir göstərə bilər.

Hare ABŞ-ın siyasətini yanğını görməməzliyə vurub, sonra onun üzərinə daha çox yanacaq tökməyə bənzədib.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑