Dünya · Globalinfo.az

Məkkədə iki nəfərin qılıncla edamı rezonans doğurdu – Bilinməyən məqamlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məkkədə iki nəfərin qılıncla edamı rezonans doğurdu – Bilinməyən məqamlar xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının Məkkə şəhərində iki nəfərin edam olunması beynəlxalq müzakirələrə səbəb olub. Ölkənin Daxili İşlər Nazirliyi rəsmi bəyanatda iki Banqladeş vətəndaşını müqəddəs məkanın toxunulmazlığını və mənəvi dəyərlərini pozmaqda ittiham edib. Hadisə ilə bağlı yayılan görüntülərdə cütlüyün boyunlarının qılıncla vurulduğu əks olunub. Edamın məsciddə törədildiyi bildirilən “ədəbsiz hərəkət”lə əlaqələndirilməsi, lakin həmin əməlin mahiyyətinin açıqlanmaması hadisə ətrafında suallar yaradıb.

Əslində nə baş verib? İslamda belə cəza varmı?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, islamda zina haram hesab olunur:

“Dini cəhətdən mənbələrə əsasən ağır cəzası olması şübhəsizdir. Lakin hər hansı bir əməlin günah olması ilə həmin əmələ görə insana cəza verilməsi eyni məsələ deyil. Bu iki məsələni bir-birindən ayırmaq lazımdır. Çünki dini hökmü bilmək başqa, həmin hökmü tətbiq etmək səlahiyyətinə malik olmaq isə tamam ayrı məsələdir. “Qurani-Kərim”in Nur surəsinin 2-ci ayəsində zina ilə bağlı hökm bildirilir. İslam hüququnda isə bu məsələ Qurandakı ayələr, Peyğəmbərin hədisləri və fiqh alimlərinin şərhləri əsasında araşdırılıb. Evli şəxslərin zinaya görə cəzalandırılması məsələsində də klassik fiqh alimlərinin əksəriyyəti səhih hədislərə əsaslanaraq rəcm hökmünü qəbul ediblər. Ancaq bu hökmləri qeyd etmək heç də o demək deyil ki, kiminsə günah etdiyini düşünən hər bir şəxs həmin insana cəza vermək hüququna malikdir. Baxmayaraq ki, zinanın islamda ağır hökmü var, amma belə ölüm cəzasının tərəfdarı deyiləm”.

ekrem 5

Əkrəm Həsənov

İlahiyyatçı bildirib ki, islamda ittiham, sübut və hüquqi məsuliyyət məsələləri çox ciddidir:

“Nur surəsinin 4-cü ayəsində zina ittihamı irəli sürüb dörd şahid gətirə bilməyən şəxslərlə bağlı hökm verilir. Bu, insanların namusuna toxunan ittihamların nə qədər məsuliyyətli məsələ olduğunu göstərir. Hucurat surəsinin 12-ci ayəsində də əsassız şübhələrdən çəkinmək tövsiyə olunur. Yəni şayiə, ehtimal və şəxsi qənaət əsasında insanları günahlandırmaq dini baxımdan da düzgün deyil. Peyğəmbərimiz buyurub ki, “kim bir müsəlmanın eybini örtərsə, Allah da Qiyamət günü onun eybini örtər”. Bu hədis insanın günahını təsdiqləmək mənasında yox, başqalarının qüsurlarını yaymaqdan çəkinmək, insan ləyaqətini qorumaq və islah imkanına üstünlük vermək baxımından əhəmiyyətlidir.

İmam Qurtubi və İbn Kəsir kimi klassik alimlər də zina ilə bağlı ayələri təfsir edərkən bu məsələnin hüquqi şərtlərini və sünnədəki izahlarını nəzərdən keçiriblər. İslam hüququnda cəza məsələsi şəxsi qəzəbə, intiqama və ya kiminsə özünü dini baxımdan haqlı hesab etməsinə buraxılmayıb. Burada hüquqi səlahiyyət, sübut və məhkəmə proseduru mühüm əhəmiyyət daşıyır”.

Ə.Həsənov qeyd edib ki, insanların etdiyi günahların mənəvi məsuliyyəti Allaha həvalə edilməlidir:

“Bu cür halların haram olduğunu və bu yolda insanları mənəvi məsuliyyətə çağırmaq olar. Lakin günah edən insanlara qarşı qəddarlığı, özbaşına cəza tətbiq edilməsini və insan həyatına son qoyulmasını dini şüarlarla əsaslandırmaq düzgün yanaşma deyil. Allah insanın əməlini, niyyətini və tövbəsini bilir. Biz isə özümüzü başqalarının mənəvi taleyi haqqında son hökm verən mövqedə görməməliyik. Hər bir dövlətin öz qanunvericiliyi və hüquq sistemi var. Bu məsələ də dövlətlərin daxili hüquqi məsələsi hesab olunur. Bir dövlətin qanunvericiliyində nəzərdə tutulan cəzanı avtomatik olaraq bütün islamın mövqeyi kimi təqdim etmək elmi baxımdan doğru deyil. Dinin əsas məqsədlərindən biri insanı qorxu ilə yox, şüur, vicdan və məsuliyyət hissi ilə yaşamağa yönəltməkdir”.

Ləman İmran
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑