Bakı. Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin latın qrafikalı əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.
Bu barədə “Pressa.uz” məlumat yayıb.
Yeni əlifbanın 28 hərf və bir apostrofdan ibarət olacağı bildirilir. Dörd hərf birləşməsi yeni hərflərlə əvəzlənəcək: “G‘” - “Ğ”, “O‘” - “Ö”, “Sh” - “Ş”, “Ch” - “Ç”. Həmçinin “Ng” birləşməsi əlifbadan çıxarılacaq.
Məlumata görə, vətəndaşların adlarını pasportlarda, sürücülük vəsiqələrində və digər sənədlərdə dərhal dəyişməsinə ehtiyac yoxdur.
Xatırladaq ki, uzun illər ölkədə həm kirill, həm də latın əlifbaları yanaşı istifadə olunsa da, 2023-cü il yanvarın 1-dən bütün dövlət qurumlarında rəsmi sənədləşmənin tam olaraq latın qrafikasına keçirilməsi prosesi sürətlənib.

