Rusiya Afrika ölkələrində ictimai rəyə təsirini artırmaq məqsədilə mədəniyyət mərkəzlərinin, media platformalarının və təhsil proqramlarının fəaliyyətini genişləndirir. Moskva bununla qitədə siyasi mövqelərini gücləndirməyə və öz maraqlarına uyğun informasiya mühiti formalaşdırmağa çalışır.
Banker.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” nəşri oktyabrın 19-da dərc etdiyi araşdırmada bildirib.
Nəşrin məlumatına görə, bu fəaliyyət oktyabrın 28–29-da Moskvada keçiriləcək üçüncü Rusiya–Afrika sammiti ərəfəsində daha da intensivləşib.
Rusiya Afrikadakı “Rus evləri” adlı mədəniyyət mərkəzlərinin sayını 16-dan 24-ə çatdırmağı planlaşdırır. Bu mərkəzlər rus dilinin tədrisi, mədəni tədbirlər və təhsil proqramları vasitəsilə fəaliyyət göstərir.
Rusiyada təhsil alan afrikalı tələbələrin sayı isə 2010-cu ildən bəri təxminən beş dəfə artaraq 37 min nəfərə çatıb. Bu artımda Rusiya hökumətinin təklif etdiyi təqaüd proqramları da rol oynayıb.
Moskva eyni zamanda Afrika ölkələrinin media bazarında iştirakını genişləndirir. Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən beynəlxalq televiziya kanalı “RT” qitənin media şirkətləri ilə məzmun mübadiləsinə dair təxminən 30 müqavilə bağlayıb.
2025-ci ilin iyulundan etibarən “RT” və Rusiyanın digər dövlət mediası ən azı 29 Afrika ölkəsindən olan jurnalistlər üçün 20 təlim proqramı təşkil edib.
Lakin araşdırmada bu fəaliyyətin yalnız mədəni və təhsil əməkdaşlığı ilə məhdudlaşmadığı bildirilir.
Beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsi “Forbidden Stories”in məlumatına görə, Rusiya ilə əlaqələndirilən “La Compagnie” adlı təsir şəbəkəsi müxtəlif ölkələrdə jurnalistlərə ödəniş edərək dezinformasiya xarakterli materialların yerli mediada dərcinə nail olub.
Afrikada media və rəqəmsal texnologiyalar üzrə araşdırmalar aparan “Code for Africa” təşkilatı və ABŞ-ın sosial media təhlili şirkəti “Graphika” isə avqustda dərc etdikləri hesabatda saxta profillərlə fəaliyyət göstərən 35-ə qədər uydurma jurnalist müəyyənləşdirdiklərini bildiriblər.
Araşdırmaya əsasən, süni intellekt texnologiyalarından saxta müəllif profillərinin yaradılmasında, məqalələrin hazırlanmasında və onların yerli dillərə tərcüməsində istifadə olunub.
Bununla belə, “The Economist” vurğulayır ki, Rusiyanın informasiya kampaniyalarının real təsirini ölçmək çətindir. İctimai rəy sorğuları göstərir ki, Rusiya qitədə ABŞ və Çinlə müqayisədə daha məhdud müsbət nüfuza malikdir.
Ekspertlər isə belə kampaniyaların bəzi Afrika ölkələrində ictimai ziddiyyətləri dərinləşdirə və sosial birliyi zəiflədə biləcəyi barədə xəbərdarlıq edirlər.



