2.8 trilyonluq silahlanma yarışı: “Möcüzə olmasa, dünya müharibəsi başlayacaq”

“Üçüncü Dünya Müharibəsi başlamazsa, bu, möcüzə olardı. Səhv etsəm, dünyanın ən xoşbəxt insanı olardım. Amma qorxuram ki, səhv etmirəm”.
"Bakupost" xəbər verir ki, bu fikirləri Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç deyib.
"Avropanın özünü necə silahlandırdığını görmürsünüzsə, deməli, onu görməzdən gəlirsiniz. Bəs niyə özünü silahlandırır? Hansı məqsədlə? Bu, Çexovun pyeslərini xatırladır: birinci pərdədə divarda silah asılıbsa, üçüncü pərdədə atəş açılacaq. Almanlar bu sektorda qeyri-adi irəliləyiş əldə ediblər. Onlar mənfəətlərini 17 dəfə artırıblar. 17 faiz yox, 17 dəfə", - deyə o bildirib.
Vuçiçin narahatlığına əsas varmı?
Milli Məclisin deputatı Arzuxan Əlizadə “Bakupost”a bildirib ki, Aleksandr Vuçiçin Üçüncü Dünya Müharibəsi ilə bağlı səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində yaranmış mürəkkəb vəziyyətin göstəricisidir:
“Hazırda dünyada geosiyasi rəqabətin güclənməsi, müxtəlif regionlarda hərbi münaqişələrin davam etməsi və dövlətlərin müdafiə xərclərini artırması beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqları daha da artırır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2025-ci ildə dünyada hərbi xərclər real ifadədə 2,9 faiz artaraq 2,887 trilyon dollara çatıb. Avropada isə bu artım 14 faiz təşkil edib. Bu göstəricilər dövlətlərin təhlükəsizlik məsələlərinə daha çox resurs ayırdığını təsdiqləyir”.
Bununla yanaşı, deputat hesab edir ki, hərbi xərclərin artması və ölkələrin silahlanmasını avtomatik olaraq dünya müharibəsinin başlayacağının sübutu kimi qiymətləndirmək düzgün olmaz:
“Dövlətlər bir tərəfdən mümkün təhdidlərə qarşı müdafiə qabiliyyətlərini gücləndirməyə çalışır, digər tərəfdən isə bu proses qarşılıqlı inamsızlığı və silahlanma yarışını dərinləşdirə bilər. Xüsusilə Rusiya ilə Qərb arasında münasibətlərin gərginliyi, Ukrayna müharibəsi və digər regionlarda mövcud olan münaqişələr beynəlxalq sistem üçün ciddi risklər yaradır”.
A. Əlizadənin sözlərinə görə, burada əsas təhlükə yalnız hərbi qarşıdurmaların mövcudluğu deyil, həm də siyasi və diplomatik mexanizmlərin böhranların qarşısını almaq imkanlarının zəifləməsidir:
“Dünya müharibəsinin başlanacağını indidən qaçılmaz hadisə kimi təqdim etmək olmaz. Bununla yanaşı, mövcud riskləri də kiçiltmək və beynəlxalq münasibətlərdə baş verən proseslərə laqeyd yanaşmaq da düzgün deyil. Böyük dövlətlər arasında dialoqun qorunması, münaqişələrin diplomatik yollarla həlli, beynəlxalq hüququn prinsiplərinə hörmət və qarşılıqlı etimadın bərpası xüsusi əhəmiyyət daşıyır. Tarix göstərir ki, böyük müharibələr çox zaman yanlış hesablamalar, nəzarətdən çıxan gərginliklər və diplomatiyanın imkanlarından vaxtında istifadə edilməməsi nəticəsində genişlənib”.
Deputat hesab edir ki, beynəlxalq ictimaiyyətin əsas məqsədi müharibənin baş verəcəyini proqnozlaşdırmaq deyil, onun qarşısını almaq üçün bütün mümkün siyasi və diplomatik vasitələrdən istifadə etmək olmalıdır.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



