Bakı. Trend:
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, ölkənin dəmir yollarının gələcəyi ilə bağlı qərar Ermənistan-Rusiya işçi qrupunun fəaliyyətini başa çatdırmasından sonra qəbul edilməlidir.
Bu barədə "Armenpress" məlumat yayıb.
Nazirin sözlərinə görə, Ermənistanın dəmir yolu infrastrukturu modernləşdirilməlidir. Qərb tərəfdaşları bu infrastrukturdan istifadə etməkdə maraqlı olsalar da, sanksiyalarla bağlı məhdudiyyətlər də daxil olmaqla, bir sıra çətinliklərlə üzləşirlər.
Mirzoyan vurğulayıb ki, Ermənistan Orta Dəhlizin və yeni İpək Yolunun əsas qovşağına çevrilmək üçün tarixi fürsət əldə edib və bu şansı əldən verməməyə çağırıb.
Onun sözlərinə görə, Rusiya Dəmir Yolları şirkətinin nümayəndələri ilə mövcud məsələlərin həlli yollarını üç ay ərzində müəyyənləşdirmək barədə razılıq əldə olunub.
Qeyd edək ki, oktyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yolunun konsessiya idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə Rusiya Dəmir Yolları ilə birgə işçi qrupunun yaradılması barədə qərar imzalayıb.





