Ukraynanın Xarici İşlər Naziri Andriy Sıbiqa ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbərliyini dəyişmək barədə bəyanatına cavab olaraq Prezident Volodimir Zelenskini dəstəkləyib.
Bizim.Media xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində yazıb.
XİN rəhbəri vurğulayıb ki, ölkəyə kimin rəhbərlik edəcəyinə yalnız Ukrayna xalqı qərar verə bilər.
O bildirib ki, Zelenski ölkəyə müharibə dövründə rəhbərlik edir və xalqın dəstəyini qazanır:
“Xaricdən verilən bu cür bəyanatlar isə onun öz işini yaxşı gördüyünün sübutudur”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Ukraynanın Rusiya ilə müharibəni dayandırmaq üçün razılığa gələ biləcək yeni prezident seçməsinin vaxtı çatdığını iddia edib.
Tramp həmçinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri tənqid edərək, bunun ABŞ-da dizel yanacağının qiymətinə mənfi təsir etdiyini bildirib və Kiyevi bu hücumları dayandırmağa çağırıb.
Bu fikir ayrılığı Vaşinqtonun Rusiya ilə dizel yanacağı tədarükünə dair əldə etdiyi razılaşmadan sonra yaranıb.
Zelenski bu addımı "Putinə hədiyyə" adlandıraraq, Rusiya neft məhsullarına qoyulan məhdudiyyətlərin yumşaldılmasının Moskvanın müharibəni maliyyələşdirməsinə kömək etdiyini bəyan edib.
Bizim.Media






