Dünya · Banker.az

Polşa vətəndaşlıq almaq istəyənlər üçün qaydaları sərtləşdirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşa vətəndaşlıq almaq istəyənlər üçün qaydaları sərtləşdirir xəbəri üçün şəkil

Polşa hökuməti xarici vətəndaşların ölkə pasportunu əldə etməsi üçün yeni məhdudiyyətlər hazırlayıb. Dəyişikliklər yaşayış müddətinin uzadılmasını, dil biliklərinə tələblərin artırılmasını və əlavə imtahanların tətbiqini nəzərdə tutur.

Banker.az xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər və Administrasiya Nazirliyi tərəfindən hazırlanmış və oktyabrın 27-də hökumətin qanunvericilik reyestrində dərc edilmiş qanun layihəsində bildirilir.

Yeni təklifə əsasən, Polşa vətəndaşlığını almaq istəyən əcnəbilərin ölkədə qanuni yaşaması üçün tələb olunan minimum müddət artırılacaq. Hazırda müxtəlif kateqoriyalar üzrə fərqli müddətlər tətbiq olunur.

Məsələn, Polşa əsilli olduğunu təsdiqləyən “Polyak kartı” (Karta Polaka) əsasında daimi yaşayış icazəsi alan şəxslər ölkədə bir il yaşadıqdan sonra vətəndaşlıq üçün müraciət edə bilirlər.

Yeni qaydalarda polyak dili biliyi üzrə tələb də sərtləşdiriləcək. Hazırda B1 səviyyəsi kifayət etdiyi halda, yeni qanun layihəsində minimum B2 səviyyəsinin tətbiqi nəzərdə tutulur.

Bundan əlavə, vətəndaşlıq almaq istəyən şəxslər Polşanın tarixi, dövlət quruluşu və cəmiyyəti haqqında biliklərini yoxlayan xüsusi imtahandan keçməli olacaqlar.

Müraciət edənlərdən Polşa dövlətinə sədaqət bəyannaməsi təqdim etmək də tələb ediləcək.

Yeni layihədə maliyyə və yaşayış şərtlərinə də xüsusi diqqət ayrılıb.

Əcnəbilər müəyyən minimum gəlirə malik olduqlarını, qanuni gəlir mənbələrini və yaşayış yerindən istifadə hüquqlarını sənədlərlə təsdiqləməli olacaqlar.

Eyni zamanda şəxsin əsas həyat və iqtisadi maraqlarının Polşada yerləşməsi, o cümlədən ölkənin vergi rezidenti olması nəzərə alınacaq.

Qanun layihəsi vətəndaşlıq verilməsindən imtina üçün əlavə əsaslar da müəyyən edir. Saxta sənəd təqdim edilməsi, yanlış məlumatların verilməsi, müəyyən cinayət və inzibati hüquq pozuntuları bu qərarlara təsir göstərə bilər.

Hökumət saxta sənədlər və ya yalan məlumatlar əsasında əldə edilmiş vətəndaşlıq qərarlarının sonradan ləğv olunmasına imkan verən hüquqi mexanizm də hazırlayır.

Dəyişikliklər xüsusilə Polşa əsilli şəxslər üçün mövcud olan sadələşdirilmiş vətəndaşlıq prosedurlarına təsir edə bilər. Bu imkanlardan Ukrayna və Belarus vətəndaşları da istifadə edirlər.

Polşa hökuməti qanun layihəsini 2026-cı ilin dördüncü rübündə təsdiqləməyi planlaşdırır. Bundan sonra sənəd parlamentdə müzakirə olunmalıdır.

Qeyd edək ki, dəyişikliklər hələ qüvvəyə minməyib və hazırda vətəndaşlıq müraciətləri mövcud qanunvericilik əsasında qəbul edilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑