Fələstin Prezidenti Mahmud Abbas Kipr Respublikasına işgüzar səfərə gəlib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə Kipr hökumətinin mətbuat katibi Konstantinos Letimbiotis məlumat verib.
M.Abbas səfər çərçivəsində Kipr Prezidenti Nikos Xristodulidis ilə danışıqlar aparacaq.
Letimbiotisin sözlərinə görə, Abbasın səfəri oktyabrın 29-dan 30-dək davam edəcək. Tərəflər bu gün Prezident sarayında görüş keçirəcək, daha sonra isə işgüzar nahar olacaq.
Danışıqların gündəliyində ikitərəfli münasibətlər, regiondakı vəziyyət, Avropa İttifaqı (Aİ) ilə Fələstin arasındakı əlaqələr, eləcə də Kipr probleminin həlli məsələsi yer alır.
Kipr hökumətindən vurğulayıblar ki, bu, Mahmud Abbasın prezidentliyi dövründə respublikaya üçüncü səfəridir Abbasın ilk səfəri 2009-cu ilin iyulunda, Demetris Xristofiasın ölkə prezidenti olduğu zaman baş tutub. 2022-ci ilin iyununda isə Fələstin lideri Prezident Nikos Anastasiadisin dövründə adaya yenidən səfər edib.
Xristodulidis 2023-cü il avqustun 2-də Ramallaha rəsmi səfər edib, bu, Kipr Prezidentinin 2015-ci ildən bəri Fələstinə ilk səfəri olub. O, Abbasla görüşüb, Kipr, Yunanıstan və Fələstinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsinə dair razılığa gəlib. İkinci səfər isə 2025-ci il mayın 4-də baş tutub. Bu səfər zamanı Xristodulidis yenidən Abbasla görüşüb.


