Dünya · Editor.az

Avropa böhrana sürüklənir, Putin fürsət axtarır: Növbəti qurban kim olacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa böhrana sürüklənir, Putin fürsət axtarır: Növbəti qurban kim olacaq? xəbəri üçün şəkil

Avropada dərinləşən sosial-iqtisadi problemlər, hökumətlərə qarşı artan narazılıq və siyasi qütbləşmə qitənin gələcək təhlükəsizliyi və geosiyasi mövqeyi ilə bağlı mühüm suallar doğurur. Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi yük, enerji siyasətinin nəticələri və qlobal güc balansında baş verən dəyişikliklər Avropa dövlətlərinin həm daxili sabitliyini, həm də xarici siyasət prioritetlərini sınağa çəkir. Belə bir şəraitdə Moskvanın Avropadakı fikir ayrılıqlarından və ictimai narazılıqlardan istifadə imkanları, eləcə də bu proseslərin Ukraynaya dəstəyə və regional təhlükəsizliyə mümkün təsirləri xüsusi diqqət çəkir. Mövcud vəziyyətin Rusiya üçün real geosiyasi üstünlük yaradıb-yaratmadığını və Avropanın üzləşdiyi çətinliklərin arxasında hansı amillərin dayandığını aydınlaşdırmaq üçün politoloq Fəqani Məhərrəmlinin fikirlərini öyrəndik.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna arasında beş ilə yaxındır davam edən müharibənin, başda Avropa olmaqla, dünyanın müxtəlif bölgələrində ictimai-siyasi və hərbi gərginliyi artıracağı ehtimallar arasında idi:

“Avropada bu, xüsusilə gözlənilən idi, çünki bu savaşın benefisiarları məhz Qərbin hərbi-siyasi liderləri idi. Məqsəd Ukrayna xalqının fəlakəti üzərindən Rusiyanı tükəndirmək və ona öz şərtlərini diktə etmək idi. Lakin işlər düşündükləri kimi getmədi. Rusiya bir resurs dövləti olaraq tab gətirdi, əvəzində Avropanı sosial-siyasi təlatümlər bürüdü. Qərbin Ukraynaya ayırdığı milyardlar artıq hər bir avropalının süfrəsində, gündəlik həyat tərzində kəskin şəkildə hiss olunmaqdadır ki, avropalılar da buna küçələrdə sərt şəkildə etiraz edirlər. Bu etirazlar istər sağçı, istər solçu, istərsə də ultra-radikal qüvvələrin reytinqinin yüksəlməsinə səbəb olur. Avropa ultraradikalizmin acı nəticələrini 80 il əvvəl özü ilə bərabər bütün insanlığa da yaşatdı. İnanmaq istərdim ki, bu dəfə ağıllı və düşüncəli siyasilər meydana çıxar və bəşəriyyətin də, regionun da yeni fəlakətlərin qurbanına çevrilməsinə imkan verməzlər.

Avropanı daxili gərginliklərə düçar edən başqa bir səbəb isə artıq yeni bir dünyanın formalaşmağa başladığı bir dönəmdə müstəmləkə siyasətinin iflasa uğramasıdır. Uzun əsrlərdir ki, Avropa Afrika, Asiya və Cənubi Amerika xalqlarını istismar etməklə məşğul idi. İndi xalqların oyanışı və dünya miqyasında yeni iqtisadi-ticari güclərin meydana çıxması oyun qaydalarını dəyişib və Avropanı da sahənin kənarına itələyib. Bütün bunlar gəlirlərin azalmasına, komfort həyat tərzinə alışmış zümrənin narazılığına səbəb olub.

Düşünürəm ki, Avropa ayaqda qalmağın yollarını axtarır. Bu yollardan biri də Ukraynada istədiyini ala bilməyən Qərbin Rusiyaya qarşı yeni bir cəbhə açmaq istəməsi ola bilər. Qərb bunu bacaracaqmı və növbəti qurban kim olacaq — bunu yaxın zamanda görəcəyik”.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑