İtaliyanın Milan şəhərində havanın çirklənməsinə qarşı genişmiqyaslı yaşıllaşdırma layihəsi həyata keçirilir. Növbəti dörd il ərzində şəhərdə 3 milyon yeni ağac və kolun əkilməsi planlaşdırılır. Layihənin məqsədi havanın keyfiyyətini yaxşılaşdırmaq, şəhəri sərinləşdirmək və sakinlərin həyat şəraitini yüksəltməkdir.
Oktyabr ayında dərc edilən hava keyfiyyəti reytinqində Milan dünyanın ən çirkli şəhərləri arasında yeddinci yerdə qərarlaşıb. Həmin siyahıda yer alan yeganə Avropa şəhəri də Milan olub.
Şəhərdə havanın çirklənməsinin səbəbləri arasında onun Po ovalığında yerləşməsi, hava dövranının zəif olması, intensiv kənd təsərrüfatı və sənaye müəssisələrinin yaratdığı emissiyalar göstərilir.
Layihəni həyata keçirən Forestami Fondunun nümayəndələri hesab edirlər ki, küçələrdə, damlarda və binaların fasadlarında yaşıllıq sahələrinin artırılması havadakı xırda toz hissəciklərinin süzülməsinə, temperaturun azalmasına və yaşayış mühitinin yaxşılaşmasına kömək edə bilər.
2019-cu ildə başlayan təşəbbüs çərçivəsində indiyədək təxminən 640 min ağac və kol əkilib. Milanın məşhur şaquli meşə layihəsini hazırlayan italyan memar Stefano Boeri də şəhərdə havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinə görə Avropa Ağciyər Fondu tərəfindən mükafatlandırılıb.
Milan BMT-dən beynəlxalq mükafat alıb
Layihə daha bir mühüm uğura imza atıb. Milanın yaşıllaşdırma təşəbbüsü BMT-nin “Dünya Bərpası üzrə Öncüllər” statusuna layiq görülüb. Məlumat oktyabrın 29-da Ermənistanın paytaxtı İrəvanda keçirilən BMT-nin Biomüxtəliflik Konfransı — COP17 çərçivəsində açıqlanıb.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) qiymətləndirməsinə görə, layihə Avropanın sıx məskunlaşmış və çirklənmiş şəhər ərazilərindən birində təbiətin bərpasına töhfə verir.
Təşəbbüsün məqsədlərindən biri hər sakinə təxminən bir ağac düşməsini təmin etməkdir. Bununla yanaşı, təxminən 350 futbol meydançasının sahəsinə bərabər olan deqradasiyaya uğramış şəhər ərazilərinin bərpası nəzərdə tutulur.
BMT-nin məlumatında bildirilir ki, layihə yaşıllıq sahələrinə çıxışı genişləndirir, məktəbliləri ətraf mühitin qorunmasına cəlb edir və istifadəsiz qalmış sənaye zonalarını, avtomobil dayanacaqlarını və anbar ərazilərini yenidən canlandırır.
Milanın təşəbbüsü beynəlxalq səviyyədə bu ada layiq görülən beş layihədən biri, Avropadan seçilən yeganə layihə olub.
Digər mükafatlandırılmış təşəbbüslər Kolumbiyada bataqlıq ərazilərin bərpası, ABŞ-nin Sietl şəhərində parkların qorunması, Efiopiyada meşə landşaftlarının yenilənməsi və Çində sahil və dəniz ekosistemlərinin bərpası ilə bağlıdır.
Dünyada 252 milyon hektar ərazi bərpa olunur
Milan layihəsinin tanınması ilə eyni gündə UNEP qlobal ekosistemlərin bərpası üzrə görülən işlərə dair hesabat da yayımlayıb.
Hesabata əsasən, 149 ölkədə ümumilikdə 252 milyon hektar ərazidə təbiətin bərpası istiqamətində işlər aparılır. Bu, indiyədək qeydə alınmış ən böyük qlobal bərpa təşəbbüslərindən biri hesab olunur.
UNEP-in icraçı direktoru İnqr Andersen bildirib ki, təbiətin qorunması və bərpası istiqamətində genişmiqyaslı fəaliyyətlər həyata keçirilsə də, görülən işlərin sürəti və miqyası hələ də tələb olunan səviyyədə deyil.
BMT-nin qarşıya qoyduğu məqsədlərdən biri 2030-cu ilədək quruda və dənizdə deqradasiyaya uğramış ekosistemlərin ən azı 30 faizinin qorunması və bərpasıdır. Lakin müxtəlif ekosistemlər üzrə irəliləyiş eyni səviyyədə deyil. Quru ərazilərin bərpasında müəyyən nəticələr əldə edilsə də, şirin su hövzələri, dənizlər və sahilyanı ərazilərlə bağlı işlər geridə qalır.
Hesabatda təbiətin bərpasına ayrılan illik maliyyənin dörd dəfədən çox artırılmasının vacibliyi də vurğulanır.
Təbiətin bərpası insanlara necə fayda verə bilər?
Ekosistemlərin sağlamlaşdırılması ərzaq və su təhlükəsizliyi, iqlim dəyişikliklərinə davamlılıq və insanların sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Hesabatda qeyd olunur ki, qlobal miqyasda bərpa üçün prioritet hesab edilən ərazilərin cəmi 15 faizinin yenidən sağlam vəziyyətə gətirilməsi sənaye inqilabından bəri yaranmış karbon qazı ekvivalentindəki emissiyaların təxminən 30 faizinin tutulmasına və saxlanmasına imkan verə bilər. Bu addım növlərin məhv olması hallarının 60 faizinin qarşısının alınmasına da kömək edə bilər.
BMT-nin qiymətləndirməsinə görə, müəyyən edilmiş hədəflərə çatmaq 2030-cu ilədək dünyada təxminən 32 milyon yeni iş yerinin yaradılmasına şərait yarada bilər.
Bioloji Müxtəliflik haqqında Konvensiyanın katibliyinin icraçı katibi Astrid Şomaker isə təbiətin bərpası ilə yanaşı, onun məhvinə səbəb olan amillərin də aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Hesabat müəllifləri hökumətlərin ayrı-ayrı ekoloji layihələrlə kifayətlənməməli, uzunmüddətli bərpanı, yeni iş yerlərini və əhalinin dolanışıq imkanlarını dəstəkləyən davamlı iqtisadi modellər qurmalı olduqlarını bildirirlər.
\\ Aydan Bünyatova, Editor.az



