Bakı.Trend:
Pakistan - Əfqanıstan sərhədində vəziyyət yenidən gərginləşib. Hərbçiləri arasında baş vermiş yeni toqquşmalar hər iki tərəfdən itkilərlə nəticələnib.
“Sinxua” agentliyinin məlumatına görə, Pakistan ərazisindən çərşənbə günü açılan atəş nəticəsində Əfqanıstanın şərqində iki nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə ölkənin şərqindəki Nangarhar vilayətində, “Torkham” sərhəd-keçid məntəqəsi yaxınlığında baş verib.
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, bundan başqa Pakistan dörd pilotsuz uçuş aparatı (PUA) ilə Paktiya vilayətindəki hərbi obyektlərə zərbələr endirib.
Pakistanın sərhəd xidmətinin məlumatına görə isə, ölkənin şimal-qərbindəki Aşağı Cənubi Vəziristan rayonunda Əfqanıstan hərbçilərinin minaatanlardan açdığı atəş nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.



