İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Apple” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır.
Əməkdaşlıq çərçivəsində Azərbaycandan səkkiz müəllimin hazırlanması və onların gələcəkdə universitet tələbələrinə təlim keçməsi nəzərdə tutulur.
Bunu İRİA-nın Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova çərşənbə axşamı Bakıda keçirilən “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində seçilmiş səkkiz müəllim “Apple Certified Trainer” sertifikatına yiyələnəcək. Daha sonra onlar Azərbaycanda, əsasən universitet tələbələri üçün təlimlər təşkil edəcəklər.
V.Qurbanova bildirib ki, müəllimlər universitetlərin təqdim etdiyi namizədlər arasından seçilib. Bu məqsədlə ali təhsil müəssisələrinə müraciət olunub və əməliyyat sistemləri, xüsusilə iOS proqramlaşdırılması sahəsində dərs deyən müəllimlərin müəyyənləşdirilməsi xahiş edilib.
“Universitetlərə müraciət etdik və iOS proqramlaşdırılması, əməliyyat sistemləri üzrə dərs deyən müəllimlərini təqdim etmələrini xahiş etdik. Məqsədimiz həmin müəllimləri hazırlamaqdır ki, onlar da öz növbələrində universitet tələbələrinə təlim keçə bilsinlər”, – deyə o qeyd edib.




