Azərbaycanda icbari avtomobil sığortası üzrə göstəricilərini ayrıca açıqlayan beş şirkət arasında ən yüksək zərərlilik “Qala Sığorta” ASC-də qeydə alınıb. Qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən şirkətin 30 sentyabr 2026-cı il hesabatında bu göstərici 118.86% təşkil edib. Ötən ilin eyni tarixində zərərlilik 126.62% olub. Beləliklə, göstərici 7.76 faiz bəndi azalsa da, müqayisə edilən şirkətlər arasında ən yüksək səviyyədə qalıb.
Banker.az xəbər verir ki, hesabatlardakı zərərlilik dərəcəsi sığorta ödənişləri, zərərlər üzrə ehtiyatlar və fəaliyyət xərcləri nəzərə alınmaqla hesablanır. Mərkəzi Bankın qaydasına əsasən, hesablamalar hesabat tarixindən əvvəlki 12 ayı əhatə edir. Göstəricinin 100%-dən yüksək olması nəzərə alınan zərər və xərclərin qazanılmış sığorta haqlarını üstələdiyini göstərir. Şirkətlərin bu fəaliyyət üzrə zərərinin manatla məbləği ayrıca açıqlanmadığından müqayisə hesabatlardakı faiz göstəricisinə əsaslanır.
“Xalq Sığorta” ASC isə biznes portfelində məhsulu olsa da, ümumiyyətlə bu göstəriciləri ictimayyətə açıq olan öz rüblük maliyyə hesabatında təqdim etmir.
Azərbaycanın digər qeyri-həyat sığortaçılarından “Azərbaycan Sənaye Sığorta” ASC-də zərərlilik 113.65%-dən 117.22%-ə yüksəlib. Şirkətin yanvar–sentyabr aylarında icbari avtomobil sığortası üzrə yığımları 25% azalaraq 14.24 mln. manatdan 10.67 mln. manata düşüb. Ödənişlər isə 66.4% artaraq 6.24 mln. manatdan 10.38 mln. manata çatıb.
Eyni sahədə fəaliyyət göstərən və müvafiq bazarın lideri “PAŞA Sığorta” ASC-də zərərlilik dərəcəsi 102.8%-dən 115.4%-ə yüksəlib. Şirkətin doqquz aylıq yığımları 26.2% artaraq 75.85 mln. manat, ödənişləri isə 50.4% artaraq 62.91 mln. manat olub. Ötən ilin müvafiq dövründə bu məbləğlər 60.12 mln. manat və 41.84 mln. manat təşkil edib.
“Meqa Sığorta” ASC-də zərərlilik 96.37%-dən 106.77%-ə yüksəlib. Azərbaycanın qeyri-həyat sığortaçısının yığımları 36.6% azalaraq 11.73 mln. manatdan 7.43 mln. manata, ödənişləri isə 4.5% azalaraq 7.83 mln. manatdan 7.48 mln. manata enib. Nəticədə, doqquz aylıq ödənişlər yığımları 51.83 min manat üstələyib. Ödənişlərin yığımlara nisbəti 100.7% olub.
“Atəşgah” Sığorta Şirkəti ASC bu istiqamətdə “sürpriz” yaxşılaşmaya nail ola bilib. Şirkətdə zərərlilik 107.05%-dən 101.27%-ə düşüb. Şirkətin yığımları 57.3% artaraq 24.74 mln. manatdan 38.91 mln. manata yüksəlib, ödənişləri 1.3% azalaraq 20.85 mln. manatdan 20.58 mln. manata enib.
Ümumilikdə, Mərkəzi Bankın açıqlanan statistikasına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında icbari avtomobil sığortası üzrə yığımlar 12.5% artaraq 134.72 mln. manatdan 151.59 mln. manata yüksəlib. Ödənişlər isə 20.6% artaraq 98.98 mln. manatdan 119.38 mln. manata çatıb. Ödənişlərin yığımlara nisbəti 73.5%-dən 78.8%-ə yüksəlib.
Yığımlar üzrə “PAŞA Sığorta”nın bazar payı 44.6%-dən 50%-ə, “Atəşgah”ın payı 18.4%-dən 25.7%-ə, “Qala Sığorta”nın payı isə 9.7%-dən 9.8%-ə yüksəlib. Bu üç şirkətin birgə payı 72.7%-dən 85.5%-ə çatıb. “Azərbaycan Sənaye Sığorta”nın payı 10.6%-dən 7%-ə, “Meqa Sığorta”nın payı isə 8.7%-dən 4.9%-ə düşüb.
Bu arada son doqquz ayda “AtaSığorta” ASC-nin müqavilələri 10 aprel 2026-cı ildən “Atəşgah”a ötürülüb. Mərkəzi Bankın 17 aprel qərarı ilə “AtaSığorta”nın lisenziyası ləğv edilib.
Hazırda müvafiq reyestrdə altı şirkət yer alır. Onlardan Azərbaycanda qeyri-həyat sığortası fəaliyyəti göstərən “Xalq Sığorta” ASC doqquz aylıq hesabatında icbari avtomobil sığortası üzrə yığım, ödəniş və zərərliliyi ayrıca açıqlamayıb.
Son beş ildə bu sığorta növündə tariflərin hesablanması və hadisələrin tənzimlənməsi qaydaları dəyişib. 1 oktyabr 2022-ci ildən sürücünün yaşı və təcrübəsi, avtomobilin istifadə olunduğu ərazi, istismar müddəti və onu idarə etmək hüququ olan şəxslərin sayı üzrə risk əmsalları tətbiq edilməyə başlanıb. 1 noyabr 2022-ci ildən isə müəyyən şərtlərə cavab verən qəzalarda zərərçəkənin ödəniş üçün öz sığortaçısına müraciət etdiyi birbaşa tənzimləmə mexanizmi işə düşüb. Sonrakı hesablaşma sığorta şirkətləri arasında aparılır.
2023-cü ildə icbari avtosığorta müqavilələrinin sığortaçıların rəsmi saytlarından onlayn bağlanması imkanının yaradılması tələb olunub. Həmin ilin qanun dəyişikliyi ilə zərərin məbləği barədə razılıq əldə edilmədikdə müstəqil ekspertin informasiya sistemi üzərindən təyin edilməsi nəzərdə tutulub.
2024-cü ildə nəqliyyat vasitələrinin növləri üzrə əmsallar yenilənib. Elektrik mühərrikli minik avtomobilləri üçün 1.5 əmsalı müəyyən edilib, yük avtomobillərinin çəki kateqoriyalarında dəyişiklik aparılıb. 2025-ci ildə isə xarici qeydiyyatlı avtomobillərin sərhəd sığortasında nəqliyyat vasitəsinin növü və müqavilənin müddətinə əsaslanan tariflərə keçilib. Həmin il oktyabrın 1-dən sərhəd-keçid məntəqələrində yerində müqavilə rəsmiləşdirilməsi dayandırılıb; müqavilələrin əvvəlcədən onlayn və ya sığortaçıya müraciətlə bağlanması qaydası tətbiq olunub.
2026-cı ildə tətbiq edilən dəyişikliklər taksilər üçün ayrıca 1.5 risk əmsalı müəyyən edib. Taksilərdə maksimum haqq baza sığorta haqqı ilə avtomobilin növünə görə əmsalın hasilinin beş misli ilə məhdudlaşdırılıb. Digər avtomobillər üzrə müvafiq hədd üç misildir.
16 iyun 2026-cı ildən “Bonus-Malus” sistemi “Sığorta Tarixçəsi Əmsalı” ilə əvəzlənib. Qəzanın nəticəsi müqaviləni bağlayan şəxsin deyil, təqsirli sürücünün tarixçəsində nəzərə alınır. Qaydadakı şərtlər daxilində 275 gündən çox qəzasız sığortalı müddət üçün 5% güzəşt, ödəniş edilmiş hər təqsirli hadisəyə görə isə əmsala 30% əlavə tətbiq olunur. Əvvəllər iki və daha çox idarəedici üçün tətbiq olunan 1.15 əmsalı artıq beş və daha çox şəxs olduqda nəzərə alınır.
Qanun səviyyəsində son dəyişikliklərdən biri 10 iyul 2026-cı ildə qəbul edilərək 23 iyulda dərc olunub. Bununla mopedlər də icbari avtoməsuliyyət sığortasının əhatəsinə daxil edilib.
Xatırladaq ki, qüvvədə olan qanuna əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə təminat bir hadisəyə 5 min manatdır. Sağlamlığa dəyən zərər üzrə hədd hər şəxsə 5 min manat, bir hadisə üzrə ümumilikdə 50 min manat təşkil edir.


