Oktyabrın 23-də “SOCGOV 2026” beynəlxalq forumunun iştirakçıları Xankəndi şəhərində gəzintidə olub, daha sonra Qarabağ Universitetini ziyarət ediblər.
Forum iştirakçıları universitetin fəaliyyəti və təhsil imkanları ilə tanış olublar. Qarabağ Universitetinin rektoru Şahin Bayramov nümayəndə heyətini qarşılayaraq ali təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi, inkişaf perspektivləri, infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlər, tikintisi davam etdirilən korpuslar və müasir tədris mühitinin yaradılması barədə məlumat verib.
Qonaqlar universitetin kitabxanasına da baş çəkiblər. Onlara kitabxananın imkanları, tələbələrin informasiya resurslarına çıxışı və tədris prosesinin təşkili barədə məlumat təqdim olunub. Ziyarət zamanı nümayəndə heyəti Qarabağ Universitetinin fəaliyyəti, bölgədə ali təhsilin inkişafı və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən layihələrlə yaxından tanış olub.
Milli Məclisin deputatları, akademik Ziyad Səmədzadə və Aydın Hüseynov Qarabağ Universitetinin rektoru Şahin Bayramov, professor-müəllim heyəti və tələbələrlə görüşərək fikir mübadiləsi aparıblar.
Akademik Ziyad Səmədzadə Qarabağ Universitetinin kitabxanasına tələbələrin istifadəsi üçün müəllifi olduğu bir sıra kitabları hədiyyə edib. Hədiyyələr arasında “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyi, “Bakı nefti – faşizm üzərində qələbənin açarı”, “Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər”, yeddicildlik “Böyük İqtisadi Ensiklopediya” və “Çin qlobal dünya iqtisadiyyatında” əsərləri yer alıb.
Milli Məclisin üzvləri Xankəndidə Qarabağ Universitetinin yaradılmasını yüksək qiymətləndirərək, ali təhsil müəssisəsinin gələcəkdə nüfuzlu universitetlərdən birinə çevriləcəyinə ümidvar olduqlarını bildiriblər. Qeyd olunub ki, universitetin məzunları işğaldan azad edilmiş ərazilərdə, eləcə də ölkənin digər bölgələrində real sektor, elm, təhsil və xidmət sahələrində fəaliyyət göstərə biləcəklər.


