İqtisadiyyat · AZƏRTAC

Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara tam uyğunluğu təsdiqlənib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara tam uyğunluğu təsdiqlənib xəbəri üçün şəkil

Bakı, 28 oktyabr,

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması (BEPS) layihəsinin 13-cü Fəaliyyəti çərçivəsində ölkələrarası hesabatlılıq (CbCR) üzrə növbəti beynəlxalq qiymətləndirmənin nəticələri açıqlanıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, 142 yurisdiksiyanı əhatə edən doqquzuncu illik qiymətləndirmənin nəticələrinə əsasən, Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq minimum standarta tam uyğunluğu növbəti dəfə təsdiqlənib. Qiymətləndirmənin nəticələrinə görə, ölkəyə hər hansı təkmilləşdirmə tövsiyəsi verilməyib.

Qiymətləndirmə zamanı Azərbaycanın bu sahədəki daxili hüquqi və inzibati çərçivəsi, beynəlxalq məlumat mübadiləsi mexanizmləri, eləcə də əldə olunan hesabatlardan məqsədəuyğun istifadə təcrübəsi nəzərdən keçirilib. Hər üç istiqamət üzrə ölkənin beynəlxalq tələblərə uyğunluğu müəyyən edilib.

Ölkələrarası hesabatlılıq transmilli şirkətlər qruplarının müxtəlif ölkələrdəki fəaliyyəti, gəlirləri, mənfəəti, ödədikləri vergilər və digər iqtisadi göstəriciləri barədə məlumatların vergi administrasiyaları arasında mübadiləsini nəzərdə tutur. Bu mexanizm beynəlxalq vergi şəffaflığının artırılmasına, transfer qiymətləri və mənfəətin köçürülməsi ilə bağlı potensial risklərin müəyyənləşdirilməsinə xidmət edir.

Azərbaycan BEPS layihəsinin 13-cü Fəaliyyəti üzrə minimum standartın tətbiqini təmin etməklə ölkələrarası hesabatlılıq çərçivəsində beynəlxalq məlumat mübadiləsində iştirak edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu sahədə hüquqi və inzibati mexanizmlərin tətbiqi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində işlər davam etdirilir.

Qiymətləndirmənin nəticələri Azərbaycanın beynəlxalq vergi standartlarının tətbiqi və vergi şəffaflığının artırılması sahəsində həyata keçirdiyi tədbirlərin müvafiq beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑