İqtisadiyyat · Banker.az

Rusiyaya bağlı hakerlər 20 ölkədə su və enerji sistemlərinə hücum edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyaya bağlı hakerlər 20 ölkədə su və enerji sistemlərinə hücum edir xəbəri üçün şəkil

Rusiyaya bağlı olduğu bildirilən haker qrupları dünyanın ən azı 20 ölkəsində su təchizatı, elektrik stansiyaları, sənaye müəssisələri və digər mühüm infrastrukturlara kiberhücumlar həyata keçiriblər. Hücumların qeydə alındığı ölkələrin əksəriyyəti NATO üzvləridir.

Banker.az xəbər verir ki, bu barədə  “Bloomberg” agentliyi oktyabrın 27-də dərc etdiyi araşdırmada məlumat yayıb.

Nəşrin məlumatına görə, hakerlər artıq yalnız məlumat oğurlamaq və internet saytlarının fəaliyyətini dayandırmaqla kifayətlənmirlər. Onlar sənaye avadanlıqlarının idarəetmə sistemlərinə müdaxilə edərək fiziki zərər vurmağa çalışırlar.

Danimarkada belə hücumlardan biri su təchizatı sistemində ciddi nasazlığa səbəb olub. 2024-cü ilin dekabrında Rusiyaya bağlı olduğu ehtimal edilən hakerlər su müəssisəsinin idarəetmə sisteminə daxil olaraq təzyiqi artırıblar. Nəticədə boru partlayıb və təxminən 500 ev təsərrüfatı müvəqqəti susuz qalıb.

Fransada isə oktyabrın 11-dən 12-nə keçən gecə yüzlərlə supermarketin soyuducu sistemləri kiberhücuma məruz qalıb. Hakerlər avadanlıqların temperaturunu dəyişərək onların təxminən altı saat ərzində normal işləməsinə mane olublar.

Nəticədə soyudulmuş və dondurulmuş məhsullar yararsız hala düşüb, ticarət müəssisələri maddi zərərlə üzləşiblər. Bununla belə, Fransa rəsmiləri həmin hücumun Rusiya ilə əlaqəsini təsdiqləməyiblər.

İspaniyada da oxşar hadisələr qeydə alınıb. Alikante əyalətində kremasiya avadanlıqları sıradan çıxıb, Kataloniyada sənaye müəssisəsində avadanlığın nasazlığı yanğına səbəb olub. İki şərab istehsalı müəssisəsində isə temperaturun idarə edilməsi sistemlərinə müdaxilə nəticəsində fəaliyyət pozulub.

ABŞ-da isə Rusiya ilə əlaqələndirilən iki haker qrupunun fəaliyyəti ilə bağlı cinayət işi açılıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Ukrayna vətəndaşı Viktoriya Dubranova “CyberArmyofRussia_Reborn” və “NoName057(16)” qruplarına dəstək verməkdə ittiham olunur.

İstintaqın versiyasına əsasən, bu qruplar Rusiyanın geosiyasi maraqlarına uyğun olaraq su təchizatı müəssisələrinə, sənaye obyektlərinə və dövlət qurumlarına hücumlar təşkil ediblər. Dubranova ittihamları qəbul etməyib.

Almaniya hökuməti də avqustda Leypsiq/Halle hava limanında partlayıcı ilə təchiz edilmiş pilotsuz uçuş aparatının aşkarlanmasına görə Rusiyanı məsuliyyətli hesab edib. Lakin bu hadisə kiberhücum deyil, ayrıca təxribat cəhdi kimi araşdırılır.

Təhlükəsizlik mütəxəssislərinin qiymətləndirməsinə görə, bu cür hücumların məqsədi yalnız iqtisadi zərər vurmaq deyil, həm də əhali arasında qorxu yaratmaq və dövlət qurumlarına etimadı zəiflətmək ola bilər.a

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑