İqtisadiyyat · AZƏRTAC

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH xəbəri üçün şəkil

Bakı, 29 oktyabr,

Son günlər Fransada baş verənləri sadəcə küçə etirazları və ictimai asayiş problemi kimi təqdim etmək hadisələrin mahiyyətini görməmək deməkdir. Bu, illərdir yığılan sosial narazılığın, siyasi elita ilə cəmiyyət arasındakı məsafənin və Prezident Emmanuel Makronun idarəçilik kursuna qarşı formalaşan etimadsızlığın nəticəsidir.

“Sarı jiletlilər” hərəkatı, pensiya islahatlarına qarşı kütləvi aksiyalar və yaşayış xərcləri ətrafında yaranan narazılıqlar Fransada problemin yeni olmadığını dəfələrlə göstərib. Lakin hakimiyyətin əsas vəzifəsi olan sosial dialoqun qurulması əvəzinə, siyasi qərarların cəmiyyətə qəbul etdirilməsi uğrunda mübarizə ön plana çıxanda narazılıq daha da dərinləşir. Makron hakimiyyətinin qarşısında duran əsas sual küçələri necə boşaltmaq deyil, fransız xalqının nə üçün dəfələrlə küçələrə çıxmaq məcburiyyətində qaldığını anlamaqdır. Çünki demokratiya yalnız seçki qutularından ibarət deyil, o, hakimiyyətin tənqidə dözümlülüyü, vətəndaşların qərarların qəbulunda iştirak imkanları və dövlətin sosial məsuliyyəti ilə ölçülür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

O bildirib ki, Fransanın demokratiya imicinə zərbə vuran digər məsələ dinc nümayişçilərə qarşı polis zorakılığı, sərt müdaxilələr və kütləvi saxlanılmalarla bağlı iddialardır. Zorakılıq, qarət və yanğın törədən şəxslər qanun qarşısında cavab verməlidirlər. Lakin ayrı-ayrı qrupların hərəkətlərindən istifadə edərək bütöv etiraz hərəkatını gözdən salmaq və vətəndaşların sosial tələblərini arxa plana keçirmək yolverilməzdir. İğtişaşlarda təxribatçı qrupların iştirakı və zorakılığın siyasi məqsədlərlə istifadə olunması ehtimalları da araşdırılmalıdır, xüsusi xidmət orqanlarının bu hadisələri təşkil etməsi kimi iddialar konkret sübutlarla təsdiqlənməlidir. Eyni zamanda, siyasi böhran şəraitində fövqəladə səlahiyyətlərin genişləndirilməsi, müxalifətin fəaliyyətinin məhdudlaşdırılması və müstəqil medianın susdurulması ehtimalı diqqətdən kənarda qalmamalıdır. Korrupsiya, dövlət vəsaitlərinin xərclənməsi və siyasi elitanın şəffaflığı ilə bağlı iddialar da obyektiv araşdırılmalı, cəmiyyətin cavab tələb etdiyi məsələlər gündəmdən çıxarılmamalıdır. Dövlətin gücü etirazçılara qarşı nə qədər sərt davranması ilə deyil, qanunun aliliyini qoruyaraq böhranı nə qədər ədalətli idarə etməsi ilə müəyyən olunur.

Sınaqdan çıxa bilməyən Avropa institutları

“Fransadakı hadisələr Avropa institutlarının da öz prinsiplərinə münasibətini sınağa çəkir. Avropa Parlamenti, Avropa Komissiyası və Ursula Fon der Lyayen kimi Avropa siyasətinin aparıcı simaları başqa ölkələrdə insan hüquqları, söz azadlığı və demokratik standartlarla bağlı məsələlərə tez-tez münasibət bildirirlər. Bəs eyni prinsiplər Avropa İttifaqının aparıcı dövlətlərindən birində hüquq pozuntuları ilə bağlı əsaslı iddialar ortaya çıxanda da eyni qətiyyətlə müdafiə edilirmi? Parisdə nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi, jurnalistlərin fəaliyyətinə maneələr və əsassız saxlanılmalar barədə iddialar varsa, onların da obyektiv araşdırılması tələb olunmalıdır. Burada söhbət Fransaya qarşı siyasi kampaniyadan deyil, universal elan edilən prinsiplərin hamıya eyni qaydada tətbiqindən gedir. Əgər Avropa qurumları başqa ölkələrdəki hadisələrə sərt reaksiya verib öz üzv dövlətlərindəki mümkün pozuntulara münasibətdə seçici davranırlarsa, bu, onların beynəlxalq nüfuzuna zərər vura bilər. İnsan hüquqları siyasi tərəfdaşlığa, dövlətin geosiyasi mövqeyinə və ya hakimiyyətdəki şəxsin kimliyinə görə dəyişməməlidir. Demokratiya başqalarına qarşı istifadə edilən siyasi arqumentə çevriləndə deyil, öz daxilində də eyni məsuliyyətlə tətbiq olunanda həqiqi dəyər qazanır”,-deyə siyasi şərhçi bildirib.

Fərid Şahbazlı vurğulayıb ki, Fransada baş verənlər Makron hakimiyyətinin idarəçilik kursu ilə yanaşı, bütövlükdə Avropanın demokratiya və insan hüquqları anlayışına yanaşması barədə ciddi suallar doğurur. Sosial narazılığın kökləri aradan qaldırılmadan və dövlət institutlarının hesabatlılığı təmin olunmadan uzunmüddətli sabitliyə nail olmaq mümkün deyil. Hakimiyyətin özünə qarşı səslənən tənqidi düşmənçilik kimi qəbul etməsi və dinc etiraz hüququnun təhlükə altında qalması demokratik sistemin dayanıqlılığına dair narahatlıqları artırır. Avropa institutları isə insan hüquqlarını yalnız başqa ölkələrin ünvanına səsləndirilən tələblər kimi deyil, öz üzvlərinin fəaliyyətini qiymətləndirmək üçün də əsas meyar kimi qəbul etməlidirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑