Gürcüstan Azərbaycanın qeyri-neft məhsulları üçün ən sürətlə böyüyən əsas ixrac bazarlarından birinə çevrilib. 2026-cı ilin ilk doqquz ayında bu ölkəyə ixracın dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 200 milyon dollara yaxın artıb.
Banker.az saytının verdiyi məlumata görə, yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 443 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 244,8 milyon dollar olmuşdu. Beləliklə, ixrac 198,2 milyon dollar və ya 81 faiz artıb.
Bu nəticə ilə Gürcüstan Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya və Türkiyədən sonra üçüncü yerdə qərarlaşıb.
Sentyabr ayının ayrıca göstəriciləri də artımın davam etdiyini nümayiş etdirir. Belə ki, ötən ilin sentyabrında Gürcüstana 28,4 milyon dollarlıq məhsul göndərilmişdisə, 2026-cı ilin eyni ayında bu məbləğ 56,5 milyon dollara çatıb. Nəticədə aylıq ixrac təxminən iki dəfə artıb.
Gürcüstan sentyabr ayında Azərbaycanın qeyri-neft ixrac bazarları arasında ikinci yeri tutub.


