Çinin süni intellekt şirkətləri ABŞ-da hazırlanmış qabaqcıl modellərin imkanlarından istifadə etməklə texnoloji geriliyi sürətlə azaldırlar. Lakin bu strategiya uzunmüddətli perspektivdə Çinin ABŞ-ni geridə qoymasını çətinləşdirə bilər.
Banker.az xəbər verir ki, bu barədə “The Economist” nəşri oktyabrın 25-də dərc etdiyi araşdırmada bildirib.
Çin şirkətləri əsasən “distillə” (model distillation) adlanan texnologiyadan istifadə edirlər. Bu üsul daha güclü süni intellekt modelinin cavabları əsasında başqa modelin öyrədilməsini nəzərdə tutur. Nəticədə şirkətlər oxşar imkanlara malik sistemləri daha az hesablama resursu və xərclə hazırlaya bilirlər.
Araşdırmaçıların qiymətləndirməsinə görə, Çinin ən güclü süni intellekt modelləri ABŞ modellərindən təxminən 3–6 ay geri qalır. Distillə texnologiyasından istifadə edilməsəydi, bu fərq təxminən iki dəfə böyük ola bilərdi.
ABŞ-ın süni intellekt sistemləri hazırlayan “Anthropic” şirkətinin sentyabr hesabatına əsasən, Çinin beş texnologiya şirkəti beş ay ərzində onun modellərindən 180 milyondan çox cavab və məlumat mübadiləsi əldə edib.
“Anthropic” bu fəaliyyəti öz xidmət şərtlərinin pozulması hesab edir. Şirkət məlumatların icazəsiz toplanmasının qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq edib.
Şirkətin açıqlamasına görə, yeni məhdudiyyətlər nəticəsində bu üsulla əldə edilən məlumatların həcmi 90–99% azalıb. Lakin tədbirlər gəlirlərə də təsir göstərir. Məhdudlaşdırılan hesablar 2026-cı ilin ilk doqquz ayında şirkətin gəlirlərinin təxminən 5–7%-ni təmin edirdi.
Bununla belə, Çində bu strategiyanın effektivliyinə şübhə edənlər də var.
Çinin sosial media və texnologiya sahəsində fəaliyyət göstərən “ByteDance” şirkətinin təsisçisi Çjan İmin əməkdaşlarını rəqiblərin modellərini kopyalamaq əvəzinə, müstəqil texnoloji araşdırmalara üstünlük verməyə çağırıb.
Onun fikrincə, distillə texnologiyası ABŞ ilə fərqi azaltmağa kömək etsə də, rəqibləri geridə qoymaq üçün kifayət deyil.
“The Economist” qeyd edir ki, Çin şirkətlərinin bu üsuldan asılılığı artdıqca onların texnoloji inkişafı ABŞ-da hazırlanan daha güclü modellərin irəliləyişindən də asılı vəziyyətə düşə bilər.
Bununla belə, Çinin süni intellekt sahəsindəki inkişafının hamısı xarici modellərin təkrarlanmasına əsaslanmır. Ölkənin güclü elmi kadr bazası və müstəqil tədqiqatları da bu sahədə mühüm rol oynayır.

