Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ni Ukraynanı Rusiyanın şərtləri ilə kapitulyasiyaya razı salmağa çalışmaqda ittiham edib.
"Bakupost" "Euronews"a istinadən xəbər verir ki, Kallas Avropa Parlamentindəki çıxışı zamanı Avropanın Kiyevi dəstəkləməyə davam etdiyini və Vaşinqtonun mövqeyini tarazlaşdırmaq üçün sülh danışıqlarında iştirak etməli olduğunu bildirib.
"Amerika nümayəndə heyəti artıq təxminən iki ildir, ən azı il yarımdır ki, Ukraynanı kapitulyasiyaya razı salmağa çalışır", - deyə Kallas bildirib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Aİ gələcək sülh nizamlanması çərçivəsində Avropa ölkələrinin Moskvaya irəli sürməli olduğu tələbləri əks etdirən sənəd hazırlayıb.
"Rusiya maksimalist tələblərini və istəklərini irəli sürürsə, danışıqların gedişatını tarazlaşdırmaq üçün biz də maksimum tələblərimizi təqdim etməliyik. Bundan əlavə, bu, Rusiyaya açıq siqnaldır: əgər Rusiya maraqlı olduğu məsələyə - sanksiyaların ləğvinə nail olmaq istəyirsə, Avropa danışıqlar masasında iştirak etməlidir. Çünki söhbət Avropaya aid qərarlardan gedir", - deyə o vurğulayıb.
Kallas əlavə edib ki, Avropa İttifaqı uzunmüddətli və ədalətli sülhə zəmanət verilmədən güzəştlərə getmək niyyətində deyil.
Daha əvvəl "The New York Times" (NYT) qəzeti ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə razılaşma əldə etmək üçün ərazi güzəştlərinə razı salmaq niyyətində olduğunu yazıb.
Bir neçə saat əvvəl başlayan Oslo danışıqlarında Zelenski və Uitkoffla yanaşı, Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak edirlər.
"Axios" nəşrinin məlumatına görə, amerikalı nümayəndələr Norveçə yola düşməzdən əvvəl nizamlanma planının yenilənmiş variantını ABŞ Prezidenti Donald Trampa təqdim edib və ondan müvafiq təlimatlar alıblar.
Məsləhətləşmələrdən sonra Uitkoff Kiyev və Avropa tərəfdaşları ilə birlikdə hazırlanmış təklifləri Rusiyanın Prezidenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya yollanmağı planlaşdırır.
NYT-nin məlumatına görə, Uitkoffla birlikdə ABŞ liderinin kürəkəni Cared Kuşner də Rusiyaya gedəcək. Nəşr onların sentyabrın 21-də Sankt-Peterburqa çatmasının gözlənildiyini yazıb. Bununla belə, "Axios" daha əvvəl Kuşnerin xəstəliyi səbəbindən Oslo görüşündə iştirak etməyəcəyini bildirmişdi.




