Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar sosial şəbəkələrdə ona qarşı təhqir və böhtan xarakterli paylaşımlar edən şəxslərlə bağlı hüquqi tədbirlərə başlayıb.
AZXEBER.COM xəbər verir ki, Aygün Attar bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Professor bildirib ki, indiyədək sosial mediada siyasi mövqeyinə və tənqidlərinə görə heç kimə qarşı şəxsi iddia qaldırmayıb.
Lakin bundan sonra ona qarşı edilən təhqir, böhtan və nüfuzuna xələl gətirən paylaşımlarla bağlı məhkəməyə müraciət ediləcək.
"Bu gün etibarilə sosial şəbəkələrdə, X, "Instagram”, "Facebook”, hətta heç istifadə etmədiyim rəqəmsal platformalarda şəxsiyyətimə qarşı edilən bütün təhqir, böhtan və nüfuzuma xələl gətirmə halları ilə bağlı məhkəməyə müraciət edilməsi barədə göstəriş verdim. Vəkillərim dörd qoldan işə başlayıblar”, – deyə Aygün Attar bildirib.
O, Türkiyə-Azərbaycan qardaşlığı naminə fəaliyyətinə görə hər iki ölkədən bəzi şəxslərin hücumlarına məruz qaldığını qeyd edib. Professor əlavə edib ki, könüllü hüquqşünaslar ona dəstək göstərərək hüquqi mübarizəyə qoşulublar.
Aygün Attar məqsədinin təhqir və böhtan xarakterli paylaşımlara qarşı hüquqi mübarizə aparmaq olduğunu vurğulayıb.
"Qorxduğum üçün deyil, həddini aşanlara hədlərini bildirmək üçün razılaşdım. Şükürlər olsun ki, qurban olduğum Allahdan başqa heç kimdən qorxum yoxdur, həyatım boyu da olmayıb”, – deyə o bildirib.
Professor həmçinin məhkəmə prosesləri nəticəsində əldə ediləcək təzminat vəsaitlərinin təhsil müəssisələrinə bağışlanacağını açıqlayıb.
Fəridə Əsədzadə




