ABŞ Rusiyanın raket zərbələrindən müdafiə olunması üçün Ukraynaya həyati əhəmiyyət daşıyan kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalının "Meet the Press" proqramına müsahibəsində bildirib.
Onun sözlərinə görə, kəşfiyyat məlumatlarının ötürülməsi müəyyən müddətə dayandırılıb, daha sonra isə ABŞ bu məlumatların Ukraynaya verilməsini bərpa edib.
"Buna görə çox minnətdarıq. Hazırda hər şey işləyir", - deyə Zelenski vurğulayıb.
Məlumat mübadiləsinə qoyulan məhdudiyyətlərin nə qədər davam etdiyi barədə suala cavabında Ukrayna Prezidenti fasilənin üç gün sürdüyünü bildirib.
"Rusiyanın ballistik raketlərdən istifadə etdiyi vaxtları görə bilmirdik. Kəşfiyyat xidmətlərimizdən, avropalılardan və digər tərəflərdən aldığımız bütün məlumatlara baxmayaraq, onlarla ölkə bizə kömək edirdi. Lakin Rusiyanın ballistik raketlərdən istifadə edəcəyi vaxt barədə bizə məlumat vermək üçün bu unikal kəşfiyyat məlumatlarına yalnız ABŞ malikdir", - deyə Zelenski əlavə edib. ///oxu.az///





