Aktual · AzPolitika

Prezidentin Türkmənbaşı zirvəsindəki mesajları – Komitə sədrindən açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezidentin Türkmənbaşı zirvəsindəki mesajları – Komitə sədrindən açıqlama xəbəri üçün şəkil

“Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı ölkəmizin region dövlətləri ilə münasibətlərinin inkişaf istiqamətlərini, əldə olunan mühüm nəticələri və gələcək perspektivləri əks etdirən dərin siyasi məzmun daşıyır”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib. 

Millət vəkili dövlət başçısının çıxışında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-tranzit və energetika sahələrində birgə fəaliyyətin gücləndirilməsi, həmçinin humanitar münasibətlərin dərinləşdirilməsinin əsas prioritetlər kimi diqqətə çatdırıldığı qeyd edib:

“Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlığın əhəmiyyətinin durmadan artdığı bir dövrdə, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatının tamhüquqlu iştirakçısına çevrilməsi tarixi əhəmiyyət daşıyır. Bu hadisə Xəzərin hər iki sahilində yerləşən ölkələr arasında əlaqələrin yeni institusional müstəvidə inkişafına, ortaq maraqların daha geniş çərçivədə müzakirəsinə və birgə təşəbbüslərin reallaşdırılmasına geniş imkanlar yaradıb. Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin dinamik inkişafı da bu prosesin mühüm tərkib hissəsidir. Siyasi təmasların intensivləşməsi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi qardaşlıq bağlarının möhkəm təməllərə söykəndiyini bir daha nümayiş etdirir”.

Komitə sədri vurğulayıb ki, Bakının Mərkəzi Asiya ölkələri ilə münasibətlərində humanitar sahə xüsusi yer tutur:

“Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi xalqlarımız arasında qarşılıqlı dəstəyin və dostluğun əyani təzahürüdür. Bu layihələr Azərbaycanın bərpa-quruculuq işlərinə mühüm töhfə verməklə yanaşı, gələcək nəsillər arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”.

S.Novruzovun sözlərinə görə, iqtisadi müstəvidə ticarət dövriyyəsinin artması və sahibkarlıq əlaqələrinin genişlənməsi diqqəti cəlb edir:

“Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması əməkdaşlığı daha sistemli müstəviyə daşıyır. Bu fondlar vasitəsilə birgə layihələrin maliyyələşdirilməsi, sənaye kooperasiyasının genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması üçün əlavə zəmin formalaşır”.

Millət vəkili qeyd edir ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizindəki müasir liman infrastrukturu, dəmir və avtomobil yolları ölkəmizin beynəlxalq tranzit sistemindəki rolunu əhəmiyyətli dərəcədə artırır. Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına təhlükəsiz və səmərəli çıxışını təmin edir. Eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi rəqəmsal bağlantıların və informasiya mübadiləsinin inkişafına güclü təkan verir.

“Energetika sahəsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı tərəfdaşlığın strateji sütunlarından biridir. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan üzərindən dünya bazarlarına nəqli ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadə və yaşıl enerji dəhlizlərinin yaradılması sahəsində atılan addımlar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin qurulması istiqamətində görülən işlər enerji təhlükəsizliyinin şaxələndirilməsinə mühüm töhfə verir”, - komitə sədri bildirib.

S.Novruzov yekunda vurğulayıb ki, Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşünün yekununda Birgə Bəyanatın imzalanması və regional mexanizmlərin təkmilləşdirilməsi bu əməkdaşlığın davamlılığının təmin olunmasında mühüm mərhələdir. 

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ortaq maraqlara əsaslanan bu çoxşaxəli tərəfdaşlıq Xəzər və Mərkəzi Asiya regionunun gələcək inkişafı üçün etibarlı təməl yaradır”, - o bildirib.

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑