Astanada yunan-Roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatı keçirilir. 135 ölkədən 900-ə yaxın idmançının qatıldığı yarış oktyabrın 24-dən noyabrın 1-dək “Barıs Arena” idman kompleksində təşkil olunub.
Axar.az xəbər verir ki, doqquz gün ərzində idmançılar güləşin 3 növü üzrə medallar uğrunda mübarizə aparacaqlar. Astana 2019-cu ildən sonra ikinci dəfə güləş üzrə dünya çempionatına ev sahibliyi edir.
Yarışların ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov dünya çempionatının finalına yüksəliblər.
Azərbaycanın daha iki güləşçisi – Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) dörddəbir final mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar. Rəqibləri finala yüksələ bilmədiyi üçün təmsilçilərimiz təsəlliverici görüşlərdə iştirak etmək imkanını da itiriblər.
Oktyabrın 25-də Azərbaycanın daha üç təmsilçisi – Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq) və ikiqat dünya çempionu Ülvü Qənizadə (72 kq) mübarizəyə qoşulacaq. Oktyabrın 26-da isə Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (63 kq) və İslam Abbasov (87 kq) dünya çempionatında ilk görüşlərinə çıxacaqlar.






