ABŞ-da irqi ayrı-seçkilik həqiqətən də mövcuddur. Amma biz almanlar kimik ki onları buna görə özümüzdən aşağı tutaraq mühakimə edək?
Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.
“Bütün bunlara müəyyən qədər təvazökarlıq və minnətdarlıq hissi ilə yanaşmalı deyilikmi? Bizi nasistlərdən kim xilas edib? Bunların arasında, əlbəttə, amerikalılar da var idi. Həmçinin britaniyalılar, fransızlar və ruslar, yeri gəlmişkən, ukraynalılar da var idi. Axı o zaman Ukrayna Sovet İttifaqının tərkibində idi. Amma amerikalılar da bu prosesdə iştirak edirdilər. İqtisadiyyatımızın, xüsusilə də Qərbi Almaniyanın iqtisadi dirçəlişini kim mümkün etdi? Amerikalılar.
1989-cu ilin sonunda yenidən birləşmiş Almaniyanın dünya birliyinə dinc şəkildə inteqrasiya edə biləcəyinə kim əmin idi? Amerikalılar. Avropada bununla bağlı çox sayda şübhə var idi və bunun da kifayət qədər əsaslı səbəbləri mövcud idi. Lakin amerikalılar bizə dəstək oldular və dedilər: “Almaniyaya daha bir şans verəcəyik”. Məncə, bu məqamdan danışmaq və onu daim nəzərə almaq lazımdır. Bu gün baş verənlərə bəzən təəssüflə yanaşarkən, bəzən qəzəblənərkən, yaxud narazılıqla başımızı bulayarkən bunları unutmamalıyıq. Məndə də belə hallar olur. Amma vəziyyətə bütövlükdə nəzər salsaq, ABŞ uzunmüddətli perspektivdə bizim sosial və siyasi müttəfiqimiz olaraq qalır”, - o bildirib.



