İranla ABŞ arasında gərginliyin yenidən artması fonunda Tehran Avropa ölkələrinə qarşı da sərt xəbərdarlıq edib. İran rəsmiləri bildiriblər ki, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatlarda Avropadakı bazalardan istifadə etməsi həmin ölkələri də potensial hədəfə çevirə bilər.
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bəxşayeş Ərdəstani “Euronews”a açıqlamasında ABŞ-ın İtaliya və Almaniya da daxil olmaqla Avropa ölkələrindəki hərbi bazalarından İrana qarşı istifadə edəcəyi təqdirdə, İran raketlərinin Avropaya yönələ biləcəyini deyib.
Deputatın sözlərinə görə, Tehran əvvəlki iki münaqişə zamanı belə addım atmayıb. Lakin bu dəfə Avropa dövlətlərinin ABŞ-a hərbi dəstək verməsinə səssiz qalmayacaqlar.
Ərdəstani iddia edib ki, İrana qarşı əməliyyatlarda istifadə edilən bütün hərbi bazalar cavab tədbirlərinin hədəfinə çevrilə bilər. O, Vaşinqtona yardım edən ölkələrin yalnız hərbi obyektlərinin deyil, digər maddi və qeyri-maddi resurslarının da təhlükə ilə üzləşə biləcəyini bildirib.
İran parlamentinin digər üzvü Fəda Hüseyn Maleki də mümkün yeni qarşıdurma ilə bağlı Tehranın fərqli strategiya üzərində işlədiyini açıqlayıb. Onun iddiasına görə, hazırlanmış yeni ssenari həm ABŞ, həm də Avropa dövlətləri üçün gözlənilməz ola bilər.
İranın xəbərdarlığında Almaniyanın adı xüsusi çəkildi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Tehrandakı səfirliyinin 1979-cu ildə ələ keçirilməsinin ildönümü münasibətilə bəyanat yayıb.
İranda “Qlobal təkəbbürlə mübarizə günü” kimi qeyd olunan tarixdə yayılan açıqlamada ölkəyə qarşı istənilən təhdidə coğrafi sərhəd tanımadan dərhal və təsirli cavab veriləcəyi bildirilib.
Bəyanatda İranın ali dini lideri Müctəba Xameneiyə aid edilən göstərişlərə də istinad olunub. Həmin göstərişlərdə mümkün hədəflər siyahısının yenilənməsi, düşmənə məxsus hərbi və digər resursların da diqqətdə saxlanılması məsələsi yer alıb.
Bununla yanaşı, Tehranda Almaniya səfirliyinin qarşısında diqqətçəkən aksiya keçirilib. İran hökumətinin tərəfdarları səfirliyin yaxınlığında Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin “Avropa İsrailə dəstəyinin əvəzini ödəyəcək” fikrinin yazıldığı plakat yerləşdiriblər.
İranın “Fars” xəbər agentliyi plakatı Tehran Universitetinin tələbə Bəsic təşkilatının üzvlərinin asdığını bildirib.
Agentliyin digər məlumatında Almaniyanın İranla açıq hərbi qarşıdurmaya qoşulacağı təqdirdə, Berlinin regiondakı hərbi mövcudluğunun İran tərəfindən legitim müdafiə hədəfi hesab edilə biləcəyi iddia olunub. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, Tehran son həftələrdə Almaniyanın İsrailə verdiyi dəstəyə etiraz olaraq bu ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağırmışdı.
İranın hədəfləri Yaxın Şərqlə məhdudlaşmaya bilər
İranın ali dini liderinin nümayəndəsinin nəzarəti altında nəşr olunan “Kayhan” qəzeti də mövzu ilə bağlı diqqətçəkən yazı dərc edib.
Nəşr iddia edib ki, İranın mümkün cavab tədbirləri artıq yalnız Yaxın Şərqdəki ABŞ hərbi bazaları ilə məhdudlaşmaya bilər. Qəzet Tehran rəhbərliyinin coğrafi sərhədlərdən asılı olmayan hərbi cavab prinsipinə diqqət çəkib və mümkün qarşıdurmanın Avropanın mərkəzinə qədər uzana biləcəyini yazıb.
Digər tərəfdən, İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ABŞ-ın Tehranın tələblərinə verdiyi cavabı qənaətbəxş hesab etmədiyini açıqlayıb. O, Hörmüz boğazının yenidən açılması üçün Vaşinqtonun İranın irəli sürdüyü yeddi şərtin hamısını qəbul etməli olduğunu bildirib.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə ABŞ-da keçirilən Konqres seçkilərində respublikaçıların məğlubiyyətini şərh edərək, Amerika xalqının müharibəyə qarşı mövqe sərgilədiyini iddia edib.
ABŞ Prezidenti Donald Trampdan İrana qarşı daha sərt siyasət yürütmək niyyətində olub-olmadığı soruşulub. O, bu suala konkret cavab verməyib, məsələni nəzərdən keçirəcəyini və zərurət yaranarsa, müvafiq addımlar atacağını bildirib.
\\ Aydan Bünyatova, Editor.az

