İsrail ordusu Qərb Şəriyəsinin müxtəlif yerlərində keçirilən basqınlarda 2 jurnalist və 5 qadın da daxil olmaqla 45 fələstinlini saxlayıb.
Tezadlar.az xəbər verir ki, Fələstin rəsmi xəbər agentliyi WAFA-nın Fələstin Məhbusları Cəmiyyətinin açıqlamasına istinadən verdiyi məlumata görə, İsrail əsgərləri Qərb Şəriyəsinin müxtəlif ərazilərindəki şəhərlərə, qəsəbələrə və qaçqın düşərgələrinə basqın ediblər.
Bu basqınlarda 5 qadın və 2 jurnalist də daxil olmaqla 45 fələstinli İsrail qüvvələri tərəfindən saxlanılıb.
Jurnalistlərdən biri iki ildən çox “inzibati həbs”dən sonra 20 oktyabrda azadlığa buraxılan Hazem Nasser kimi müəyyən edilib.
Fələstin Məhbusları Cəmiyyəti İsrail qüvvələri tərəfindən bu həbslərin son zamanlar artdığını qeyd edərək, həbslərin artıq müəyyən qruplarla məhdudlaşmadığını, Fələstin cəmiyyətinin bütün təbəqələrini hədəf alan repressiya vasitəsi kimi istifadə edildiyini vurğulayıb.
İsrail 2023-cü ilin oktyabr ayında Qəzza zolağına hücuma başlayandan bəri, işğal olunmuş Qərb Şəriyəsində və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.
Bu hücumlara qətllər və həbslər, eləcə də məcburi köçkünlük, kənd təsərrüfatı torpaqlarının dağıdılması, evlərin sökülməsi və qanunsuz yaşayış məntəqələrinin genişləndirilməsi daxildir.
ELBAR






