Heç birimiz dünyanın hara getdiyini proqnozlaşdıra bilmərik. Texnologiyanın həyatımıza təsiri gündən-günə artır. Süni intellekt həyatımızda köklü dəyişikliklərə səbəb olur. Özlərini "seçilmiş" və başqalarından üstün hesab edən texno-oliqarxlar təkcə indiki həyatımızı deyil, həm də gələcəyimizi öz dünyagörüşlərinə və maraqlarına uyğun şəkildə formalaşdırmağa çalışırlar. Dünyanı istədikləri kimi hərəkət edə biləcəkləri bir oyun meydançası kimi görən bu texno-oliqarxların hədəf kütləsini gənclərimiz təşkil edir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.
“Son vaxtlar məktəblərimizdə baş verən təəssüf doğuran hadisələr, bu təfəkkür tərzinin səpdiyi zərərli toxumların yaratdığı təhlükənin mahiyyətini üzə çıxardı. İrqçiliyi körükləyən, hedonizmi təşviq edən, heç bir qayda və ya sərhəd tanımayan bu yeni nəsil elitalara qarşı necə reaksiya verəcəyimiz, onlara necə müqavimət göstərəcəyimiz və uşaqlarımızı onlardan necə qoruyacağımız həyati əhəmiyyət kəsb edir. Bu texno-oliqarxlara qarşı ən böyük qalxanımız “Texnofest” gəncliyi və əlbəttə ki, "Elm yaymaq" hərəkatının gəncləri olacaq”, - Ərdoğan əlavə edib.
Türkiyə lideri qeyd edib ki, dünyanı istədikləri kimi hərəkət edə biləcəkləri bir oyun meydançası kimi görən bu texno-oliqarxların hədəf kütləsini gənclərimiz təşkil edir:
“Texnologiyanın dəyişdiyi müasir dünyada gələcəkdə gənclərimizin mənəviyyatını necə qoruyacağıq? Əsas məsələ dövrün imkanlarını mənimsəyərkən, eyni zamanda kimliyimizi itirmədən irəliləməkdən ibarətdir”.



