Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, komandası Floridada Vaşinqton nümayəndələri ilə müzakirə apardığı vaxt ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıb və o ölkənin dizel ixracına imkan verən razılaşma əldə edib.
Zelenski bu qərarı tənqid edərək onun Moskvanı daha da cəsarətləndirəcəyini və Rusiyanın müharibəni davam etdirməsinə imkan yaradacağını vurğulayıb. Ukrayna liderinin fikrincə, Kiyevin sülh danışıqlarında iştirak etdiyi bir vaxtda Rusiyaya belə bir güzəştin edilməsi tərəfdaşlıq prinsiplərinə uyğun deyil.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu, Ukrayna üçün heç də arzuolunan ssenari deyil:
“ABŞ ilə Rusiya arasındakı razılaşma bütövlükdə Kreml üzərindəki sanksiyaların ləğvi demək deyil. Lakin bununla belə, Kiyevi narahat edəcək məqamdır. Qarşıdan ABŞ-da keçiriləcək aralıq seçkiləri gəlir. Eyni zamanda, iddialar bu yöndədir ki, Vaşinqton İrana qarşı genişmiqyaslı əməliyyatlar aparacaq. Bu halda demək olar ki, Vaşinqtonun marağı şimaldan cənuba keçib.

Qabil Hüseynli
Qarşıdan qış ayları gəlir. Vaşinqton Qərb müttəfiqlərinin enerji asılılığını bilir. Hər nə qədər alternativ ölkələrə müraciət edilsə də, Rusiyanın enerji resursları və infrastrukturu heç bir ölkədə yoxdur. Ona görə də yenidən Kreml ilə danışıqlar aparmaq zərurəti yaranıb.
Ukrayna tərəfi məsələdən narahatdır və bu, başadüşüləndir. Zelenskinin reaksiyası gözlənilən idi. Amma o, etirazlarını sərt üslubda ifadə etsə, bu, Ukrayna üçün daha ciddi nəticələrə səbəb ola bilər. Tramp bunu bəhanə edərək Rusiyaya daha çox güzəştə gedə, neft-qaz sanksiyalarını yumşalda bilər. Hətta Ukraynaya Qərbin dəstəyini azaltmasını da istəyə bilər”.
Turan Rzayev
Globalinfo.az




