Rusiyanın “Rospotrebnadzor” qurumu bir sıra gürcü istehsalçılarının spirtli içkilərinin idxalına və satışına qadağa qoyub.
Axar.az xəbər verir ki, bu qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Avrasiya İqtisadi Komissiyası Şurasının qərarı əsasında müvəqqəti sanitar tədbir müəyyən edilib. Bu tədbir təsdiq edilmiş orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların ölkəyə idxalının və satışının dayandırılmasını nəzərdə tutur.
Qərara əsasən, Gürcüstanın “TELIANI VELI” ASC, “TBILVINO” ASC, “WINEMAN” MMC-dən şərab, “Georgian Brewing Company” ASC-dən pivə və “BRATYA ASKANELI” MMC-dən şərab və konyak məhsullarının, eləcə də Gürcüstandan qazlı sərinləşdirici içki olan “Koka-Kola”, “HELSI WATER”dən “Nabeglavi” mineral suyunun Rusiyaya idxalı qadağan edilib.




