Analitika · AnewZ

Qlobal turizmdə dəyişikliklər: Azərbaycan üçün nə deməkdir?

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qlobal turizmdə dəyişikliklər: Azərbaycan üçün nə deməkdir? xəbəri üçün şəkil

Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir. 

Yaxın Şərqdəki qeyri-sabitlik, Rusiya–Ukrayna müharibəsi və süni intellektin köklü dəyişikliklər yaradan qüvvəyə çevrilməsi turizm sektorunu yenidən formalaşdırır. Bu proseslər insanların səyahət vərdişlərini, hətta turizmin gələcəyini dəyişdirə bilər.

Oktyabrın 7–9-da Maltanın paytaxtı Vallettada keçirilən Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) Qlobal Sammitinin “FUTU[RE]SET” mövzusuna həsr olunması təsadüfi görünmür. Bu mövzu Dünya İqtisadi Forumunun (WEF) 2020-ci ildə Davosda irəli sürdüyü “Böyük sıfırlama” (Great Reset) təşəbbüsünü xatırladır.

Üstəlik, tədbirin elan olunduğu mətbuat konfransında WTTC-nin sədri Manfredi Lefevr sammiti “turizmin Davosu” adlandırıb. Bu oxşarlıqlar sui-qəsd nəzəriyyələrinin tərəfdarlarına müxtəlif fərziyyələr irəli sürmək üçün kifayət qədər əsas verə bilər.

Əslində isə dünya görünməmiş geosiyasi qeyri-müəyyənlik dövründən keçir. Belə bir şəraitdə dünya liderləri və turizm sektorunun rəhbərləri bu proseslərin turizmə təsirini müzakirə etmək üçün bir araya gəlməyə məcburdurlar.

“Yenidən başlamaq hər şeyə sıfırdan başlamaq demək deyil. Bu, nələrin dəyişdiyini nəzərdən keçirmək və gələcəyi necə görmək istədiyimizə qərar vermək deməkdir”, – WTTC-nin prezidenti və baş icraçı direktoru Qloriya Gevara bildirib.

O, təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, rəqəmsal şəxsiyyətin təsdiqi sistemlərindən daha geniş istifadə olunmasına çağırıb.

Gevaranın sözlərinə görə, “yenidən başlamaq” anlayışının mahiyyəti səyahətləri asanlaşdırmaq və turizmin gələcəyini formalaşdırmaqdır.

““FUTU[RE]SET” gələcəyi proqnozlaşdırmaq deyil, onu formalaşdırmaq deməkdir”, – o vurğulayıb.

Lakin bu gələcək yalnız səyahətçilər və şirkətlər üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün də əhəmiyyətlidir.

Gevaranın sözlərinə görə, 2025-ci ildə turizmin dünya iqtisadiyyatına töhfəsi 11,6 trilyon dollar təşkil edib. O, ciddi geosiyasi çətinliklərə baxmayaraq, bu il sektorun 2,5 faiz böyüyəcəyini gözləyir.

Sammitə ev sahibliyi edən Malta 2025-ci ildə Avropa ölkələri arasında turizmin ümumi daxili məhsula (ÜDM) töhfəsinin artımına görə birinci olub. Ölkədə bu göstərici 16,8 faiz artıb. Avropa üzrə orta artım isə 2,6 faiz təşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkəyə 189 dövlətdən 2,57 milyon ziyarətçi gəlib. Bu, əvvəlki illə müqayisədə 2,1 faiz çoxdur.

Bu baxımdan Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin Vallettadakı tədbirdə iştirakı təəccüblü deyil.

Sammitdə onunla yanaşı, G20 ölkələrindən və digər bazarlardan hökumət rəsmiləri, turizm sektorunun rəhbərləri, biznes nümayəndələri və keçmiş dövlət başçıları iştirak ediblər.

İştirakçılar biometrik sərhəd nəzarəti və süni intellektə əsaslanan viza sistemlərinin təhlükəsizliyi gücləndirməklə yanaşı, səyahətləri necə asanlaşdıra və sürətləndirə biləcəyini müzakirə ediblər.

Sammitdə investisiyalar, nəqliyyat əlaqələri, texnologiya, kadr hazırlığı, rəqabət qabiliyyəti və dayanıqlı inkişaf məsələlərinə də diqqət yetirilib. Əsas məqsəd turizm sektorunun müxtəlif çətinliklərə qarşı dayanıqlığını artırmaq olub.

Bəs qlobal turizmdə baş verən dəyişikliklər geosiyasət, investisiyalar və dünya iqtisadiyyatındakı yeni tendensiyalar barədə nə deyir?

Bu sualın cavablarından birini sərmayələrin hara yönəldiyində görmək olar.

ABŞ ilə İran arasında növbəti qarşıdurmanın nə vaxt baş verə biləcəyi qeyri-müəyyən qalsa da, Səudiyyə Ərəbistanı turizm layihələrinə milyardlarla dollar yatırır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə qlobal səyahət mərkəzi kimi mövqeyini gücləndirməyə davam edir.

Eyni zamanda, Azərbaycan kimi ölkələr turistləri cəlb etmək və iqtisadiyyatlarını şaxələndirmək məqsədilə turizmə sərmayə qoyurlar.

Avropanın ənənəvi turizm istiqamətləri isə fərqli problemlə üzləşib: yeni turizm bazarları yarandıqca rəqabət qabiliyyətini necə qoruyub saxlamaq olar?

Bütün bunlar süni intellektin turizm sektorunda rolunun getdikcə artdığı bir dövrdə baş verir. Süni intellekt insanların səyahətlərini planlaşdırmasından və bilet sifariş etməsindən tutmuş şirkətlərin gündəlik fəaliyyətinin idarə olunmasına qədər bir çox sahəni dəyişir.

Süni intellekt sərhədləri keçmə qaydalarına da təsir göstərəcək.

WTTC-nin bir neçə panel müzakirəsinin iştirakçısının vurğuladığı kimi, üz tanıma texnologiyalarından istifadənin getdikcə genişlənəcəyi gözlənilir. Ölkələr rəqəmsal şəxsiyyət sistemlərinə keçdikcə ənənəvi kağız pasportlara ehtiyac tədricən azala bilər.

Lakin bu dəyişiklik şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar da yaradır.

Texnoloji dəyişikliklərlə yanaşı, qlobal turizm sektorunun rəhbərləri davamlı geosiyasi qeyri-sabitlik şəraitində sahənin dayanıqlığını artırmağın yollarını tapmalıdırlar.

ABŞ ilə İran arasında son münaqişə hava nəqliyyatında yaranan fasilələrin yalnız Yaxın Şərqdə deyil, bütün dünyada turizmə nə qədər sürətlə təsir göstərə bildiyini nümayiş etdirib.

Digər tərəfdən, davam edən Rusiya–Ukrayna müharibəsi turizm və aviasiya sektorlarının dəyişən şəraitə uyğunlaşmaq imkanlarını göstərib. Aviaşirkətlər Rusiya hava məkanından istifadə etməmək üçün yeni marşrutlar müəyyənləşdiriblər.

Beynəlxalq uçuşların Rusiya hava məkanından kənar marşrutlara yönləndirilməsinin Azərbaycana əhəmiyyətli fayda verdiyi sirr deyil.

Ən birbaşa fayda maliyyə gəlirləridir. Bir ölkənin hava məkanından keçən kommersiya təyyarələri həmin hava məkanından istifadəyə görə müvafiq ödənişlər edir.

Beləliklə, geosiyasi qeyri-sabitlik turizm üçün ciddi problemlər yaratsa da, hava marşrutlarını dəyişdirə və yeni marşrutlar üzərində yerləşən ölkələr üçün əlavə imkanlar aça bilər.

Bununla belə, turizm sektorunun rəhbərləri geosiyasi böhranların getdikcə daha çətin proqnozlaşdırıldığı və təsirlərinin birbaşa iştirakçı ölkələrdən xeyli kənara yayıldığı dünyaya hazırlaşmağın yollarını tapmalı olacaqlar.

Bu işlərin mühüm hissəsi, çox güman ki, sammitlərin rəsmi çıxışlarından kənarda – dəhlizlərdə, özəl səhər və nahar görüşlərində, eləcə də hökumət və biznes nümayəndələrinin gələcək qeyri-müəyyənliklərlə mübarizə yollarını müzakirə etdikləri qapalı toplantılarda aparılacaq.

Bir məsələ isə aydındır: turizmin gələcəyi yalnız insanların hara səyahət etmək istəməsindən asılı olmayacaq. Texnologiyanın və geosiyasi proseslərin dünyanı necə dəyişdirməsi də həlledici rol oynayacaq.

Məhz bu dəyişikliklər turizm sektorunun gələcək illər üçün yenidən formalaşmasına səbəb ola bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑