Azərbaycan Cənubi Qafqazın aparıcı gücünə çevrilib. Regionun Şərq yarımkürəsindəki əhəmiyyəti də getdikcə artır. Cənubi Qafqaz Asiya ilə Avropa arasında mühüm əlaqələndirici rol oynayır. Bu isə Azərbaycanın əhəmiyyətini regionun hüdudlarından kənara çıxarır.
Bu səbəbdən Azərbaycan regionun ətrafında yerləşən böyük dövlətlərlə, eləcə də ABŞ və müəyyən dərəcədə Çin kimi qlobal güclərlə münasibətlərini yenidən formalaşdırır. Ölkənin beynəlxalq əlaqələri genişlənir, eyni zamanda üzləşdiyi xarici təzyiqlər artır. Azərbaycan qlobal güclərlə münasibətlərdən həm fayda götürür, həm də yeni çətinliklərlə üzləşir.
ABŞ Şərq yarımkürəsindəki iştirakını azaltmaq istəsə də, bu prosesin miqyası məhduddur. Vaşinqton Yaxın Şərq, Rusiya və Avropa ilə bağlı məsələlərdə iştirakını davam etdirir. Rusiya, Çin və Türkiyə ilə münasibətlər baxımından strateji əhəmiyyət daşıyan Cənubi Qafqaz da ABŞ-nin maraq dairəsindədir.
Bu vəziyyət Azərbaycanın təsir imkanlarını artırmaqla yanaşı, ölkə üzərində təzyiqlər də yaradır. Əsas məsələ Azərbaycanın gələcək geosiyasi inkişaf istiqamətidir. Bu inkişaf həm ölkənin öz maraq və imkanlarından, həm də daha uzaqda yerləşən, lakin daha qüdrətli dövlətlərin maraq və imkanlarından asılı olacaq. ABŞ-nin regiona müdaxiləsi ilə bu proses artıq başlayıb. Vaşinqtonun qlobal iqtisadi və hərbi maraqları Azərbaycan üçün yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradır.
Bu prosesin əsas hərəkətverici qüvvəsi Vaşinqtonun Asiya ilə Avropa arasında Rusiyadan keçən nəqliyyat marşrutuna alternativ yaratmaq istəyidir. ABŞ-nin Rusiya ilə münasibətləri mürəkkəb və müəyyən qədər gərgindir. Bu da Vaşinqtonun regiondakı əsas nəqliyyat marşrutuna nəzarəti təmin edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na (TRIPP) marağını izah edir.
Azərbaycanın artan gücü və diplomatik fəaliyyəti regionda sabitliyin möhkəmlənməsinə böyük töhfə verib. Bu sabitlik yeni nəqliyyat dəhlizinin fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Şübhəsiz ki, ABŞ-dən həddindən artıq asılı vəziyyətə düşmək və ya onun nəzarəti altına keçmək Azərbaycanın maraqlarına uyğun deyil. Digər tərəfdən, ABŞ də Cənubi Qafqazdan keçən təchizat zəncirinin fasiləsiz fəaliyyətini təmin etməkdən əlavə, regionda genişmiqyaslı öhdəliklər götürmək istəmir.
Bu isə Azərbaycanı mürəkkəb vəziyyətə salır. Ölkə üç dövlətlə — Rusiya, Türkiyə və İranla həmsərhəddir. Onların hər biri Azərbaycandan daha böyükdür və hərbi baxımdan daha güclüdür. Azərbaycan üçün əsas geosiyasi zərurət bu dövlətlərin hər biri ilə səmərəli münasibətlər saxlamaq, eyni zamanda heç birindən asılı vəziyyətə düşməməkdir.
Bu zərurət geosiyasi reallıqdan irəli gəlir. Azərbaycan əhalisi nisbətən az olan kiçik ölkədir. Bununla belə, onun iqtisadi əhəmiyyəti getdikcə artır. İqtisadi artımı davam etdirmək, Avropa, Çin və ABŞ ilə əlaqələri qorumaq üçün Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin etməlidir. Eyni zamanda, bu güclərdən heç biri ilə münasibətləri korlamamalı və region ölkələrinin onların geosiyasi qarşıdurmalarına cəlb olunmasının qarşısını almalıdır.
Cənubi Qafqazda sabitliyi qorumaqla bütün bu məqsədlərə nail olmaq mürəkkəb və təhlükəli ola bilər. Lakin bu, zəruridir. Azərbaycan öz sərvətindən qonşularına təhlükə yaratmaq üçün deyil, regionda sabitliyi möhkəmləndirmək üçün istifadə etməlidir. Azərbaycan heç birinin hökmranlığı altına düşmədən bu dövlətlərin hər biri üçün əhəmiyyətli müstəqil ölkə olmalıdır. Azərbaycanın nümunə götürə biləcəyi, daha dəqiq desək, geosiyasi şəraitin onu mənimsəməyə məcbur edə biləcəyi bir model var. Bu model İsveçrədir.
İsveçrə əhalisi nisbətən az olan, Fransa, Almaniya, Avstriya, İtaliya və Lixtenşteynlə həmsərhəd kiçik ölkədir. Tarix boyu bu dövlətlər arasında ittifaqlar dəfələrlə dəyişib və onlar bir-biri ilə müharibələr aparıblar. İsveçrə həmin dövlətlərin arasında yerləşdiyindən tarixən döyüş meydanına çevrilib. Lakin İsveçrə ərazisində hərbi əməliyyatlar aparmaq çətin idi. Ölkənin sərt relyefi və keçilməsi çətin dağları qoşunların hərəkətini və döyüş əməliyyatlarını mürəkkəbləşdirirdi. Bundan əlavə, İsveçrənin tarixən sayca nisbətən kiçik, lakin yüksək döyüş qabiliyyətinə malik ordusu olub.
Uzun və qanlı Napoleon müharibələrindən sonra, 1814–1815-ci illərdə keçirilən Vyana Konqresinin yekununda İsveçrənin daimi neytrallığı beynəlxalq səviyyədə tanındı. Bu, müəyyən dərəcədə qonşu dövlətlərin bir-biri ilə müharibə aparmaq imkanlarını məhdudlaşdırdı. Əslində, İsveçrənin neytrallığı Vyana Konqresindən əvvəl və sonra bir neçə mərhələdə formalaşmışdı. Bu siyasət ilk növbədə İsveçrənin deyil, onu əhatə edən dövlətlərin maraqlarına xidmət edirdi.
Neytrallığın gözlənilməz iqtisadi nəticəsi oldu: müharibələrin ölkə iqtisadiyyatını dağıtmayacağına inam İsveçrəyə investisiya axınını artırdı. Sonrakı dövrdə İsveçrə mühüm sənaye gücünə çevrildi. Ölkənin nüfuzlu maliyyə mərkəzi kimi formalaşması da az əhəmiyyət daşımırdı. Qonşu dövlətlərin hökumətlərinin müdaxiləsindən kənarda qalan İsveçrə bank sistemi kapitalın qorunması üçün təhlükəsiz mühit yaratdı. Bu isə İsveçrəyə investisiya qoyuluşunu həm təhlükəsiz, həm də gəlirli etdi. Ölkə məhz bu sistemin yaratdığı imkanlar hesabına sənaye bazasını inkişaf etdirdi.
Azərbaycanın geosiyasi mövqeyinə nəzər saldıqda İsveçrə ilə müəyyən oxşarlıqlar görmək mümkündür. Bu müqayisə bütövlükdə Cənubi Qafqaza da şamil oluna bilər. İsveçrədə müxtəlif dini qruplar arasında tarixən yaşanmış gərginliklər və münaqişələr nəzərə alındıqda bu oxşarlıq daha aydın görünür. Həmin qrupları birləşdirən əsas məqam təhlükəsiz və firavan yaşamaq istəyi idi. Onlar buna birlik və öz maraqlarından çıxış etməklə nail oldular.
Azərbaycanın artan gücü ətrafındakı böyük dövlətlərlə münaqişələrdən yayınmaqdan, eləcə də Cənubi Qafqazı yeni biznes imkanları yaradan mühüm ticarət marşrutuna çevirməkdən asılıdır. Şübhəsiz, Cənubi Qafqaz ölkələri arasında ciddi gərginliklər mövcuddur. Lakin regionun əsas ortaq marağı iqtisadi rifahdır. Xarici güclər regiona müdaxilə edərək burada rəqabət apararsa, bu rifaha nail olmaq mümkün olmayacaq. Region iqtisadi cəhətdən güclənsə də, parçalanmış vəziyyətdə qalarsa, belə bir ssenari reallaşa bilər. Mən bunu idealist yanaşma kimi deyil, region üçün iqtisadi və hərbi zərurət kimi təqdim edirəm.
“Azərbaycan üçün İsveçrə modeli” yalnız Azərbaycanın təşəbbüsü və liderliyi ilə regional birlik formalaşdığı, eyni zamanda mümkün hücumların qarşısını almağa kifayət edəcək hərbi güc mövcud olduğu halda işləyə bilər. İstifadə etdiyim geosiyasi model dövlətlər üçün nəyin zəruri olduğunu müəyyənləşdirməyə imkan verir. Bu modelə əsasən, region ölkələri arasında razılaşma qəfil yaranan harmoniya nəticəsində deyil, sərt milli maraqlar əsasında formalaşa bilər. Əks halda, region parçalanaraq güclü qonşularının hökmranlığı altına düşə bilər. Azərbaycanın qarşısında duran geosiyasi zərurət qonşu dövlətləri mümkün hücumlardan çəkindirəcək qədər hərbi gücə malik olmaq və regionda iqtisadi əməkdaşlığı müharibədən daha cəlbedici etməkdir.
Bir daha vurğulayıram ki, bu, dünyada və ya regionda sülhün bərqərar olması ilə bağlı idealist arzu deyil, Azərbaycanın və Cənubi Qafqazın gələcəyinə dair ümumi proqnozumdur. Region ölkələri arasındakı gərginliyi anlayıram. Lakin ABŞ Vətəndaş müharibəsi kimi son dərəcə amansız qarşıdurmadan sonra Şimalla Cənubu birləşdirə bilibsə, rifah və təhlükəsizliklə bağlı milli maraqlar istənilən ölkənin gələcəyini müəyyən edə bilər.
Azərbaycanın və onun birləşdirəcəyi regionun gələcəyi ilə bağlı proqnozum budur: tezliklə deyil, amma qarşıdakı illərdə Azərbaycan yeni İsveçrəyə çevriləcək.


