Dünya · Yeni Çağ

Seçkilərin nəticəsi müharibənin taleyini necə dəyişəcək? - ANALİZ - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Seçkilərin nəticəsi müharibənin taleyini necə dəyişəcək? - ANALİZ - Yeni Çağ xəbəri üçün şəkil

 

“Trampın partiyasının nüfuzunun bərpa olunmasının yolu müharibədə ciddi qələbə qazanmaqdan ibarətdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

media-whatsapp-image-2026-11-03-at-16-20-11

Politoloq ABŞ-da keçiriləcək seçkilərin mümkün nəticəsini analiz edib:

“ABŞ-da baş tutacaq aralıq seçkilərin Donald Tramp administrasiyasının daxili və xarici siyasətinə ciddi təsir göstərə biləcəyini proqnozlaşdırmaq üçün kifayət qədər əsaslar mövcuddur. Hətta bu seçkiləri ABŞ Prezidenti Donald Trampın təxminən iki illik fəaliyyətinə bir etimad referendumu kimi də nəzərdən keçirmək olar. Yəni seçkilərin nəticələri həm də seçicilərin Donald Trampın prezidentlik fəaliyyətinə münasibətini təyin etmiş olacaq. Ümumi mənzərə ondan ibarətdir ki, Donald Trampın xarici siyasəti daxili auditoriyanı tam qane etmir. Bildiyimiz kimi, İranla müharibə ABŞ iqtisadiyyatında və müvafiq olaraq əhalinin sosial-iqtisadi vəziyyətində mənfi izlərini qoyub. Hər şeydən öncə, İranla müharibə başladığı vaxtdan günümüzə qədər ABŞ dövlət büdcəsindən 47 milyard dollardan artıq vəsait aparıb. Yəni müharibə ABŞ büdcəsi üçün əlavə, həm də ciddi yük yaradır. Nəzərə almaq lazımdır ki, bu xərc yalnız müharibənin aparılmasına yönəldilib. Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarına İranın endirdiyi zərbələr nəticəsində dəyən ziyanı və digər görünməyən xərcləri də hesaba almış olsaq, onda daha böyük maliyyə yükündən danışa bilərik. Deməli, digər dövlət proqramlarının reallaşdırılmasında məhdudiyyətlər yaranır, büdcədə kəsirin yaranması və dövlət borcunun artması riski yüksəlir. İranla müharibə digər istiqamətlərdə də problemlər yaradır. Belə ki, Hörmüz boğazı vasitəsilə yükdaşımalarda məhdudiyyətlərin olması dünya enerji bazarlarında durğunluq və qeyri-müəyyənlik yaradıb. Düzdür, ABŞ-ın özü neft istehsal edən ölkədir. Buna baxmayaraq, dünya enerji bazarlarında qiymət artımının mənfi təsirləri ABŞ-dan yan keçmir. Belə ki, benzin və dizel yanacağının qiyməti yüksəlir. Bu da qaçılmaz şəkildə daşınma və istehsal xərclərinin, ərzaq və digər istehlak mallarının qiymətlərinin artmasını şərtləndirir. Deməli, baş verənlər əhalinin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir. İqtisadi hesablamalara görə, Hörmüz boğazının bir rüb bağlı qalması 2026-cı ildə ABŞ-da illik inflyasiyanı 0,6 faiz yüksəldə bilər. Bütün bunlar İranla müharibənin yaratdığı reallıqlardır. Bu baxımdan, aralıq seçkilərdə Donald Trampın təmsil etdiyi Respublikaçılar partiyasının ən azından Konqresin aşağı palatasında mövqeyini itirməsi gözləniləndir. Konqresin Yuxarı Palatası ilə bağlı eyni mövqedən çıxış etmək çətindir. Burada tərəflərin bir-birindən üstünlüyü cüzi ola bilər. Yəni kəskin üstünlük fərqinin olacağını düşünmürəm.”

E. Mirbəşiroğlu hesab edir ki, əgər Trampın partiyası məğlub olarsa, Amerika siyasətində balans dəyişə bilər və bu balans ABŞ-İran müharibəsinə ciddi təsir göstərəcək:

“Amma ehtimal etmək olar ki, Respublikaçılar bütün resurslarını üstünlüklərini saxlamaq üçün səfərbər ediblər. Bütün hallarda qeyri-müəyyənlik qalır və növbəti 2-3 gün ərzində mənzərə tam aydın olacaq. Nümayəndələr Palatasında demokratların üstünlük təşkil edəcəyi təqdirdə hesab edirəm ki, bütövlükdə ABŞ-ın xarici siyasətini proqnozlaşdırmaq çətin olacaq. Çünki Donald Tramp daim təzyiq altında işləməli olacaq. Nəticəyə təsir edəcək əsas amil Respublikaçıların hansı miqyasda məğlub olmasından ibarət olacaq. Yəni cəsarətlə proqnozlaşdırmaq olar ki, Nümayəndələr Palatasında demokratlar üstünlük əldə edəcəklər. Üstünlük fərqi çox böyük olarsa, o zaman Donald Trampın İranla bağlı mövqelərində də ciddi dəyişiklikləri müşahidə etmək mümkün olacaq. Burada əsasən Donald Trampın iki məntiqlə mühakimə yürüdə biləcəyini ehtimal etmək olar. Birincisi, Donald Tramp partiyasının məğlubiyyətinin səbəbi kimi İranla müharibəni görərək gələcəkdə daha ciddi siyasi itkilərdən qorunmaq üçün sürətli danışıqlar vasitəsilə müharibəni sona çatdırmaq xəttini götürə bilər. Bunun özü də asan başa gəlməyəcək. Çünki İranla mövqelərin uzlaşdırılması kifayət qədər mürəkkəb olacaq. Müharibəni danışıqlar yolu ilə tez başa çatdırmaq üçün İrana ciddi güzəştlərə getməli olar. Belə olan halda da daxili auditoriya qarşısında büdcədən böyük xərcləmələri əsaslandırmaq asan olmayacaq və bu, siyasi opponentlərin əlində istənilən halda silah olacaq. İkincisi, Donald Tramp düşünə bilər ki, partiyasının nüfuzunun bərpa olunmasının yolu müharibədə ciddi qələbə qazanmaqdan ibarətdir. Müvafiq olaraq, İrana qarşı daha sərt hərbi mövqe sərgiləyə bilər və müvafiq addımlar ata bilər. Belə qərar isə Fars körfəzi regionunda prosesləri idarəolunmaz hala gətirə bilər. Çünki İran tərəfi də cavab zərbələri endirməyə hazır olduğunu daha inamla səsləndirir. Beləliklə, fikrimcə, seçkilərdən sonra müharibənin taleyini təkcə Konqresdəki siyasi qüvvələrin nisbəti deyil, Donald Trampın hərbi-siyasi strategiyası, İranın reaksiyası və tərəflərin diplomatik razılaşmaya hazır olub-olmaması müəyyən edəcək. Demokratların qələbəsi müharibənin dayandırılması üçün siyasi təzyiqi artıra bilər, lakin bunu mütləq şərtləndirəcəyini demək çətindir”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑