Rusiyadan dizel yanacağı ilə yüklənmiş ilk tanker artıq Diksi limanından yola salınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Solovyov Live” efirində Marina Kimə müsahibəsində bildirib.
Hökumət rəsmisinin sözlərinə görə, Rusiya Avropa istehlakçılarının ölkənin enerji resurslarına olan marağını aydın görür.
Xatırladaq ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Amerika lideri söhbət zamanı Rusiyadan dizel tədarükü məsələsini müzakirə etdiklərini bəyan edib. Trampın sözlərinə görə, əldə olunmuş razılaşma çərçivəsində Rusiya yaxın vaxtlarda ABŞ-yə 300 min tondan çox, noyabr ayında isə beynəlxalq bazarlara 500 min ton dizel yanacağı göndərəcək. Daha sonra isə ölkə əlavə olaraq 1 milyon ton xammal ixrac edəcək.
Lakin bu həftə bir qrup amerikalı konqresmen ABŞ və Rusiya arasındakı bu “dizel sövdələşməsi”ni bloklamağa yönəlmiş qanun layihəsi təqdim edib. Sənəddə Rusiya energetika sektoruna investisiya qoyuluşunun qadağan edilməsi, ABŞ Maliyyə Nazirliyinin baş lisenziyalarının ləğvi və yeni icazələrin verilməməsi, həmçinin administrasiyanın Rusiya energetikasına qarşı sanksiyalar tətbiq etməyə məcbur edilməsi təklif olunur.






