“Rusiya və Ukrayna müharibəsinin bitməsi üçün diplomatik danışıqlar yolu hələ tükənməyib”
Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Ş. Həsənova Rusiya-Ukrayna müharibəsinin mümkün həll yolları və mövcud geosiyasi mənzərəni şərh edib:
“Rusiya-Ukrayna münaqişəsinin həlli artıq daha geniş geosiyasi müzakirə müstəvisinə keçir. Moskva məsələyə hərtərəfli və köklü yanaşma sərgiləyir. Bu istiqamətdə təhlükəsizlik amilinin ümumavropa miqyasında nəzərdən keçirilməsi təklif olunur. Rusiya 2014-cü ildən bu mövqedə qətidir. Rusiya liderinin Ukrayna rəhbərliyinin müharibəni davam etdirmək istədiyini iddia etməsi də bu yanaşmadan qaynaqlanır.
Buradakı əsas məqsəd NATO-nun rolu, Ukraynanın gələcək təhlükəsizlik təminatları və Rusiya ilə bütövlükdə Qərb arasındakı münasibətlərin gələcəyini danışıqlar gündəliyinə gətirməkdir.
Lakin bu cür bəyanatlar hələ konkret nəticə demək deyil və hər hansı kompromisdən söhbət getmir. Ərazi məsələsində ciddi ziddiyyətlər mövcuddur ki, bu da atəşkəs şərtləri barədə razılığa gəlməyi son dərəcə çətinləşdirir. Buna görə də diplomatik təmaslardan və ritorikadan daha çox konkret razılaşmalara və onların icrasına fokuslanmaq lazımdır. Rusiya təhlükəsizlik məsələsini daha geniş kontekstdə dəyərləndirdiyi halda, Ukrayna öz suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasını əsas prioritet hesab edir.”
Politoloq hesab edir ki, prosesdə ən mürəkkəb məqam bir-birinə zidd ideologiyası və hədəfləri olan bu iki dövlətin ortaq məxrəcə gəlməsidir:
“Şübhəsiz ki, ən çətin məsələ bu fərqli yanaşmaların yaxınlaşdırılması və uzlaşdırılmasıdır. Müsbət məqam ondan ibarətdir ki, diplomatik imkanlar hələ tükənməyib. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffla keçirilən görüşdən sonra Moskva Ukrayna üzrə ABŞ–Rusiya–Ukrayna formatında danışıqların bərpasına prinsipcə razılıq verib.
Burada üç əsas məqam ön plana çıxır: Gələcək razılaşmanın yalnız atəşkəsi deyil, müharibədən sonrakı təhlükəsizlik mexanizmlərini də əhatə etməsi, Avropanın təhlükəsizlik sisteminin ayrıca müzakirə mövzusu kimi çıxış etməsi,Moskvanın danışıqları hərbi əməliyyatların dayandırılmasından daha geniş siyasi proses kimi təqdim etməsi.
Digər mühüm məsələlər ilkin mərhələdə ekspert qruplarının yaradılması, diplomatik kanalların aktiv saxlanılması və siyasi razılaşmanın mərhələli şəkildə hazırlanmasıdır. Beləliklə, prosesə sürətli sülhdən daha çox, uzunmüddətli diplomatik mərhələ kimi baxış mövcuddur.
Müharibə başlayandan bəri sayısız görüşlər keçirilib, müxtəlif cəhdlər olunub. Ritorikada Rusiyanın təcridindən danışıldığı halda, Vladimir Putinin müharibənin ən qızmar çağında ABŞ və Çinə səfərlər etməsi aydın göstərir ki, burada Ukraynanın prinsipiallığı deyil, əsas aktorların fərdi maraqları prioritetdir.
Nəticə etibarilə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi itkilərini qəbul etməyə hazır olması ilə bağlı açıqlamasına münasibət bildirən Rusiya lideri Moskvanın nəzarətində olan əraziləri “Rusiyanın tarixi torpaqları” adlandırırsa, deməli, beynəlxalq münasibətlərin bu mürəkkəb münaqişəsində hələ ki ciddi irəliləyiş qeydə alınmayıb.”
Nurlan Cəfəri



