Dünya · Yeni Çağ

Mürtəza Bünyadlı: “Sülh vaxt qazanmaq vasitəsi deyil, İrəvan öhdəliklərini yerinə yetirməlidir” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mürtəza Bünyadlı: “Sülh vaxt qazanmaq vasitəsi deyil, İrəvan öhdəliklərini yerinə yetirməlidir” - Yeni Çağ xəbəri üçün şəkil

“Sülhə hazır olmaq onu sadəcə bəyan etmək deyil, sülhün qarşısında dayanan maneələri aradan qaldırmaq iradəsi göstərməkdir.”

Bu fikirləri Yenicag.az-a politoloq Mürtəza Bünyadlı Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsini 2031-ci ilə qədər təxirə salmaq cəhdlərini şərh edərkən bildirib.

Politoloq vurğulayıb ki, Ermənistan rəhbərliyinin parlament seçkilərini bəhanə etmək imkanı artıq tükənib və Paşinyan verdiyi vədlərə əməl etməyə borcludur.

M. Bünyadlı qeyd edib ki, İrəvan rəhbərliyi seçkilərdən sonra konkret addımların atılacağını vəd etsə də, bu gün tamamilə əks mənzərə yaranıb:

“Texniki çətinliklərlə siyasi qərarsızlığı eyniləşdirmək olmaz. Siyasi iradə mövcud olduqda problemin həlli üçün mexanizmlər tapmaq mümkündür. Əks halda, hər yeni tarix əvvəlki vədlərin yerinə yetirilməməsinə bəraət qazandırmaq vasitəsinə çevrilir.”

Ekspertin fikrincə, sülhün gələcək illərə uzadılması ilk növbədə Ermənistanın öz strateji və iqtisadi maraqlarına ağır zərbə vurur. Azərbaycan regionda nəqliyyat, enerji və beynəlxalq əməkdaşlıq marşrutlarını genişləndirməyə devam edir. İrəvanın tərəddüdlü siyasəti isə onu bu böyük regional imkanlardan kənarda qoyur.

Prezident İlham Əliyevin AQEM-in VII Bakı sammitində sülhün kövrəkliyi ilə bağlı mesajlarına diqqət çəkən politoloq xatırladıb ki, beynəlxalq ictimaiyyət İrəvandan quru diplomatik bəyanatlar deyil, prinsipial və real addımlar tələb etməlidir:

“İrəvan sülhü gələcək illərə təxirə salmaqla məsələni həll etmir, sadəcə onun həllini gecikdirir. 2031-ci il barədə müzakirələr bu gün atılmalı olan siyasi addımların əvəzi ola bilməz. Azərbaycan üçün əsas məsələ imzalanacaq sənədin formal xarakter daşımaması, real və dayanıqlı sülhün hüquqi-siyasi əsaslarını yaratmasıdır.”

Mürtəza Bünyadlı vurğulayıb ki, sülhün taleyi bəyanatlardan deyil, konkret qərarlardan asılıdır və bu gün sülhün açarı birbaşa İrəvanın əlindədir.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑