1981-ci ildə ekranlara çıxan “Tehran-43” filmi təkcə süjetinə və aktyor heyətinə görə deyil, fransız kino ulduzu Alen Delonun iştirakı ilə də yadda qaldı. Ancaq məşhur aktyorun bu filmə necə dəvət edilməsi, kiçik bir epizodik rolun onun üçün necə genişləndirilməsi və çəkiliş meydanında baş verən insident çoxlarının bilmədiyi maraqlı tarixçələrdəndir.
- Filmin Paris səhnələrini çəkən rejissorlar Aleksandr Alov və Vladimir Naumov qarşılarında gözlənilməz problemlə üzləşmişdilər. Ssenaridə polis əməkdaşının kiçik rolu vardı, amma bu obrazı canlandıracaq uyğun aktyor tapa bilmirdilər.
Rejissorlar namizədləri fransalı prodüserlə müzakirə edərkən Naumov qəfildən zarafatla belə bir təklif irəli sürdü:
— Alen Delona zəng et! Mən deyəni təkrarla: “İki dəli rus rejissoru səni öz filmlərində çəkmək istəyir!”.
Zarafat kimi səslənən bu fikir gözlənilmədən gerçəyə çevrildi. Delon təklifi maraqlı hesab etdi və rejissorlarla görüşməyə razılıq verdi.
Lakin söhbət filmdə ona təklif olunan rolun cəmi bir neçə səhifəlik epizodik obraz olduğunu öyrənəndə məşhur aktyorun əhvalı dəyişdi. O, belə kiçik bir rolla kifayətlənmək istəmirdi.

Bir gecədə yazılan 20 səhifəlik rol
Vladimir Naumov sonralar həmin görüşü belə xatırlayırdı:
- “Bizi çox yaxşı qarşıladı. İlk sualı bu oldu: “Yaxşı, rol haradadır?” Mən də ssenarini ona uzatdım. O, gah mənə, gah da kağıza baxırdı. Yəqin, doğrudan da, dəli olduğumu düşünürdü. Sonra dedi: “Belə edək: sabah səhər saat səkkizədək fransız dilində yaxşı bir rolun 20 səhifəsini hazırlayın. Mənim obrazım süjetinizdə fəal iştirak etməli, hadisələrə ciddi təsir göstərməlidir. Bunu bacarsanız, razıyam”.
Rejissorlar və ssenaristlər üçün qarşıya çətin vəzifə qoyulmuşdu. Onlar bütün gecəni işlədilər, lakin səhərə qədər tapşırığın öhdəsindən gəldilər. Ertəsi gün Delonun qarşısında artıq yenilənmiş ssenari vardı.
Məhz onun üçün süjetə yeni obraz — fransız müfəttişi Foş daxil edilmişdi. Beləliklə, əvvəlcə bir neçə səhnəlik rol kimi nəzərdə tutulan iştirak filmin əsas hadisələri ilə daha sıx bağlı olan obrazla əvəzləndi. Delon razılaşdı və çəkilişlərə başladı.
Təkcə ulduz deyil, əsl peşəkar
Çəkiliş meydanında Alen Delon özünü peşəkar aktyor kimi göstərirdi. Rejissorların göstərişlərini dəqiq yerinə yetirir, işə məsuliyyətlə yanaşırdı.
Maraqlıdır ki, o, qonorar məsələsində də güzəştə getmişdi. Üstəlik, çəkiliş qrupu üçün təyyarə lazım olanda Delon şəxsi əlaqələrindən istifadə edərək problemi həll etməyə kömək etmişdi. Telefon zəngi ilə sponsorlarını işə cəlb etmiş, təyyarənin Marseldən Parisə uçuşu isə ödənişsiz təşkil olunmuşdu. Rəvayətə görə, uçuş sənədlərdə təlim reysi kimi rəsmiləşdirilmişdi.
Bununla belə, çəkiliş meydanında hər şey həmişə rəvan getmirdi. Delonun xarakterini və insanlara münasibətini ortaya qoyan ən maraqlı hadisələrdən biri filmin final səhnəsinin çəkilişi zamanı baş verdi.
Alen Delonu rejissorla üz-üzə gətirən hadisə
Final səhnəsində fransız müfəttişi Foşun öldürülməsi təsvir olunurdu. Personajlar güllə yarası alaraq asfaltın üzərinə yıxılmalı idilər.
- Delonun təhlükəsizliyi üçün xüsusi qoruyucu vasitələr — dizliklər, dirsəkliklər və kürəyi qoruyan avadanlıq hazırlanmışdı. Məqsəd aktyorun sərt asfalt üzərinə yıxılarkən xəsarət almasının qarşısını almaq idi.
Lakin filmdə Delonun tərəf-müqabili olan Nataliya Beloxvostikova üçün belə qoruyucu vasitələr nəzərdə tutulmamışdı.
Aktrisa sonralar həmin günü belə xatırlayırdı:

“Final səhnəsini çəkdiyimiz gün leysan yağış yağırdı. Yollar sürüşkən və təhlükəli idi. Delonun mühafizəçiləri dərhal ona dizliklər və dirsəkliklər gətirdilər ki, yıxılarkən xəsarət almasın.
- Təxminən yarım saat sonra onun təhlükəsizliyi təmin edilmişdi. Ancaq mənim sadəcə dayanıb çəkilişin başlamasını gözlədiyimi görəndə narahat oldu. Vladimirin yanına gedərək soruşdu: “Necə yəni, belə olacaq?”
Onunla Naumov arasında söhbət olduqca sərt keçdi. Amma çəkiliş çəkiliş idi, işi davam etdirmək lazım gəlirdi.
Alen sonra mənə yaxınlaşdı və dedi: “Xahiş edirəm, mənim üstümə yıxıl. Səndən xahiş edirəm, çalışacağam ki, özümü elə vəziyyətə salım ki, sən yerə dəyib xəsarət almayasan”.

Bu epizod Delonun təkcə öz təhlükəsizliyini deyil, tərəf-müqabilinin də vəziyyətini düşündüyünü göstərirdi.
“Bəs Nataliyanın təhlükəsizliyini niyə düşünmədiniz?”
Nəhayət, rejissorun “Stop! Çəkiliş bitdi!” əmri səsləndi. Lakin səhnənin çəkilişi Nataliya Beloxvostikova üçün ağrısız ötüşmədi. Aktrisanın bədənində göyərmələr və sıyrıqlar yaranmışdı.
Bunu görən Alen Delon özünü saxlaya bilmədi. O, Vladimir Naumovun yanına gedərək əsəbi şəkildə nəsə deməyə başladı. Hətta yumruqlarını sıxdığı da xatırlanır.
Söhbətin məzmununu tərcümə edəndə məlum olmuşdu ki, Delon rejissordan Nataliyanın təhlükəsizliyinin niyə təmin edilmədiyini soruşur.
Naumov isə sonralar bu hadisəni yarızarafat belə xatırlayırdı:
- “Dedim ki, bizdə, sovet üsulu ilə, heç kimi qorumurlar, nə özümüzü, nə də başqalarını”.
Ancaq bu sözlər Delonun narazılığını aradan qaldırmadı. Aktyorun reaksiyası göstərirdi ki, o, çəkiliş prosesində riskləri sadəcə işin bir hissəsi kimi qəbul etmirdi. Özünün təhlükəsizliyinə diqqət yetirildiyi halda, tərəf-müqabilinin qorunmamasını ədalətsizlik hesab edirdi.
Deyilənə görə, Delon bir müddət Naumovla danışmadı, çəkiliş meydanında onunla üz-üzə gələndə isə sanki rejissoru görmürmüş kimi davranırdı.
“Tehran-43″ün arxasında qalan insan hekayəsi
“Tehran-43” filmi ekranlara çıxdıqdan sonra geniş tamaşaçı auditoriyasının diqqətini cəlb etdi. Alen Delonun iştirakı isə filmə əlavə maraq qazandırdı.
- Lakin çəkiliş meydanında baş verən bu hadisə məşhur aktyorun xarakterinin başqa tərəfini də göstərir. O, rolunun kiçik olmasına etiraz etmiş, nəticədə öz obrazının genişləndirilməsinə nail olmuşdu. Eyni zamanda, təhlükəli səhnədə tərəf-müqabilinin qorunmadığını görəndə buna laqeyd qalmamışdı.
Bəlkə də bu əhvalatın ən yaddaqalan tərəfi məhz budur: kino tarixində bəzən ən maraqlı hekayələr ekran qarşısında deyil, kameralar dayandıqdan sonra baş verir.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az



