Dünya · Yeni Çağ

İranla qarşıdurma, yoxsa taktiki dəyişiklik? – Netanyahu seçkidə uduzarsa, Yaxın Şərqdə nə dəyişəcək? - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranla qarşıdurma, yoxsa taktiki dəyişiklik? – Netanyahu seçkidə uduzarsa, Yaxın Şərqdə nə dəyişəcək? - Yeni Çağ xəbəri üçün şəkil

“Netanyahu seçkidə məğlub olarsa, İsrailin yeni rəhbərliyi taktiki dəyişikliklərə gedə bilər”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq İsraildə keçiriləcək seçkilərdə ABŞ lideri Trampın Netanyahunu dəstəkləmək üçün israillilərə çağırış etməsinin səbəblərini açıklayıb:

“Trampın Netanyahunun İsraildə hakimiyyətdə qalmasına açıq dəstək verməsi, ilk növbədə, İranla qarşıdurmada Vaşinqtonun İsraillə koordinasiyanı qorumaq istəyindən irəli gələn siyasi addım kimi qiymətləndirilə bilər. Trampın müraciətində Netanyahu hakimiyyətdən gedərsə, ABŞ-ın İranla bağlı işi təkbaşına görməli olacağını bildirməsi bu məsələnin onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Netanyahunun qələbəsi Trampa bir neçə istiqamətdə üstünlük verə bilər. Birincisi, İranın hərbi imkanlarının məhdudlaşdırılması və Tehranın regional təsirinin zəiflədilməsi məsələsində İsraillə siyasi və hərbi koordinasiyanın davamlılığı qorunar. İkincisi, Tramp öz seçicilərinə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri ilə birlikdə hərəkət etdiyini və təhlükəsizlik məsələlərində nəticə əldə etməyə çalışdığını nümayiş etdirə bilər. Ən nihayət, Netanyahu ilə münasibətlərin saxlanılması Vaşinqtona İsrailin təhlükəsizlik qərarlarına təsir göstərmək və mümkün hərbi eskalasiyanın istiqamətini müzakirə etmək üçün əlavə diplomatik kanal təmin edər.

Lakin bu əməkdaşlıq maraqların tam üst-üstə düşməsi demək deyil. Son aylarda Tramp və Netanyahu arasında İranla müharibənin davam etdirilməsi, atəşkəs və Qəzza məsələlərində fikir ayrılıqları yaranıb. Bu fakt göstərir ki, yaxın siyasi münasibətlər belə, strateji məqsədlərin hər zaman eyni olmasına zəmanət vermir”.

R. Bayramov hesab edir ki, Netanyahu məğlub olarsa, İsrailin İran siyasəti dəyişə bilər:

“Netanyahu məğlub olarsa, İsrailin yeni hökumətinin İran siyasətində müəyyən dəyişikliklər mümkündür. Müxalifət nümayəndələri Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasını və qərarların qəbulunda İsrailin strateji maraqlarının daha aydın qorunmasını vurğulayırlar. Bununla belə, bu, mütləq İranla münasibətlərin yumşaldılacağı və ya Tehrana qarşı hərbi variantın gündəmdən çıxarılacağı demək deyil. Çünki İsrailin əsas siyasi qüvvələri arasında təhlükəsizlik və hərbi fəaliyyət məsələlərində müəyyən ortaq mövqelərin qaldığı müşahidə olunur.

Odur ki, Netanyahunun məğlubiyyəti Trampın İran strategiyasını avtomatik olaraq iflasa uğratmaz. ABŞ-ın öz hərbi imkanları, kəşfiyyat resursları və regional tərəfdaşları mövcuddur. Ancaq İsrailin dəstəyinin zəifləməsi Vaşinqtonun üzərinə daha böyük əməliyyat və siyasi məsuliyyət qoya bilər. Əsas məsələ İran qarşısında tək qalmaqdan daha çox, ABŞ-ın İsraillə eyni məqsədləri hansı şərtlərlə və hansı vasitələrlə həyata keçirəcəyidir.

Ona görə də Trampın Netanyahuya hazırkı dəstəyi həm strateji əməkdaşlığın qorunmasına, həm də İranla bağlı əvvəlki qərarların siyasi məsuliyyətinin bölüşdürülməsinə xidmət edir. Netanyahu seçkidə məğlub olarsa, İsrailin yeni rəhbərliyi taktiki dəyişikliklərə gedə bilər. Amma hər hansı dəyişikliyə baxmayaraq, İrandan gələcək təhlükə məsələsi İsrail siyasətində əhəmiyyətini qoruyacaq. Buna görə də seçkinin nəticəsi ABŞ–İsrail əməkdaşlığının sonu deyil, onun şərtlərinin yenidən müəyyənləşdirilməsi ilə nəticələnə bilər”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑