“Bizdə tərif yalnız öləndən sonra olur. O da necə? O qədər də pis insan deyildi, işini bilən idi və s.”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor və ssenarist Elməddin Cəfərov deyib.
O, “Sizcə, niyə Azərbaycanda sənət mübahisələrində tərifdən çox qərəzli tənqidə, loru dildə desək, “yıxıb-sürüməyə” üstünlük verilir?” sualını cavablandırıb:
“Ümumiyyətlə, bizdə bir az özümüzü bəyənməməzliyimiz var. Öz filmlərimizi, seriallarımızı, kinomuzu, şoumuzu, futbolumuzu, sənət adamlarımızı kiçiltmək vərdişi var. Ona görə də tərif çox az hallarda olur. Tərif olanda da belə olur adam öləndə deyirlər ki, yaxşı adam idi, o qədər də pis insan deyildi, işini bilən idi və s. Nədənsə sağ ikən tərifə yox, tənqidə üstünlük veririk. Əslində, tənqidin olması normaldır, amma balans mütləq lazımdır. Arada bir tərif də olmalıdır axı. Təəssüf ki, bu ‘yıxıb-sürümək’ yalnız bizə xasdır. Bəzən adamın işi, sənəti gözəl ola bilər, amma qarşı tərəfin şəxsi intriqasından da qaynaqlana bilər. Anti-rəğbəti olduğundan yalandan ‘yıxıb-sürümək’ də ola bilər. Yaxın zamanda inanmıram, amma müəyyən zaman kəsiyində yəqin bunlar da düzələcək”.
Cəvahir


