Mədəniyyət · Lent.az

“Bomjlar”ın məskəni, restoran, otel – Bakının köhnə kinoteatrlarının indiki halı - REPORTAJ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bomjlar”ın məskəni, restoran, otel – Bakının köhnə kinoteatrlarının indiki halı - REPORTAJ xəbəri üçün şəkil

Zaman hər şeyi dəyişə, başdan yarada və ya ümumiyyətlə, yerlə bir edə bilir.

Bəzən o zamanın bir parçasına çevirilir, bəzən isə dəyişilən və yox olanları böyüklərimizin xatirələrindən dinləyərək göz önündə canlandırmağa çalışırıq. Təbii, internet dövrüdür, amma nəzərə alaq ki, göz önündə olmayan şeylər də məhz xatirələrin pəncərəsindən daha gözəl görünə bilir. Yeni Bakının tozlu künclərinə sıxışıb qalan köhnə kinoteatrlar kimi.  İndi həmin kinoteatrların yerində ya yeni obyekt tikilib, ya da təmirsiz, istifadəyə yararsız halda Bakının bu gününə həsrətlə baxır.

Lent.az-ın əməkdaşı tarixlə, xatirələrlə bütünləşmiş olan keçmiş kinoteatrlardan bəzilərini araşdırıb və yerləşdikləri ərazidən reportaj hazırlayıb.

Reportajıma kifayət qədər bələd olduğum yerdən başlamaq qərarına gəlirəm. “Qara Qarayev” metrosundan çıxıb bir tərəfimdə meyvə-tərəvəz, digər tərəfində gül mağazasının olduğu küçə ilə addımlayıram. İnsanlar avtobusa çatmaq üçün qarşıdakı dayanacağa doğru qaçırlar. Yəqin ki, onların çoxu dayanacağın sağ tərəfində qalan obyektin bir zamanlar kinoteatr kimi fəaliyyətindən də xəbərsizdirlər. Sizə deyim ki, mənim bələdliyim də futbola görədir. “Qarabağ”ın ev oyunlarının təşkil olunduğu “Azersun Arena”ya getmək üçün elə solumda qalan dayanacaqlarda az olmamışam.

Binanın qarşısında dayanıb baxıram. Yuxarıda “Sevinc” adı olduğu kimi qalıb, daha doğrusu, qraffiti yenilənib. Aşağısında isə eyni adda “mall” yazısı görünür. Balacalar binanın qarşısına toplanan göyərçinləri qovmaq üçün qaçışır, kiçik maşınlarında yarış keçirirlər. Yəqin, binanın dili olsa, o da keçən illərlə yarışından danışardı.

Bir az önyarğılı olacaq bəlkə də, amma belə tarixi binaları böyüklər daha yaxşı tanıyır, nəinki gənc nəsil. Təqribi 70 yaşlarında, gözündə qara eynək, başı aşağı dayanaraq skamyada fikirli halda əyləşən bir kişiyə yaxınlaşıb salamlaşıram. Artmağa başlayan ağ saçları qara saçlarını ehmalca izləyir, üzündəki qırışlar teatr pərdəsindəki dalğalar qədər dərinləşib, barmaqlarını bir-birinə dolayaraq nə isə düşünür. Mənim yaxınlaşmağımla düşüncələrinin içindən sıyrılıb başını qaldırır.

- Ümid edirəm, narahat etmədim.

- Salam, qızım. Yox, etmədin. Nə isə sualın var?

- Bura sakinisiniz, dayı?

- Tam bura sayılmaz. Amma buraları da tanıyıram, hansı tərəfə getmək istəyirsən?

Elə düşünür ki, yolumu azmışam.

- Mən bu bina ilə maraqlanıram və intiusiyam ilk sizə yaxınlaşmağı doğru hesab etdi.

- (gülür) Düzgün hiss etmisən. Çünki mənim gəncliyim burada keçib elə.

- Nə gözəl. Özünüzü təqdim edə bilərsiniz?

- Vaqif Rəhmanov.

- Vaqif bəy, bina haqqında geniş məlumat istəyirəm sizdən. İstirahətinizi də pozuram.

- Yox, işimlə bağlı bir nəfəri gözləyirəm, nigaran qalma. Bu bina köhnə kinoteatr olub. İndi geyim mağazası ediblər. Hələ tələbə idim, Politexnikdə (Azərbaycan Texniki Universiteti) oxuyurdum. Bizim təqaüdümüzdən 3-5 manat kəsib kinoteatrlara göndərirdilər. İndi elə şey yoxdur, qızım. Amma o vaxt belə şeylər var idi və bilirsiniz, dünyagörüşümüzün çoxalaması cəhətdən necə yaxşı idi?!

Köhnə vaxt da başqa şeydir də. Cavanlardan soruşsan, bunları bilməyəcək. Cavanlara deyirsən, kinoya get. Deyir, əşi nə kino? Yəni, indi kino kimə lazımdır e? Biz təkcə bura yox, bir çox kinoteatrlara gedirdik, Səyavuş Aslanın, Nəsibə Zeynalovanın vaxtında da gedib maraqla izləyirdik.  Burada isə daha çox hind kinolarına baxırdıq. Bizim xəmirimiz kino idi, bir də futbol. Bura gəlib, buradan “Neftçi”nin oyunlarına gedirdik.

- “Neftçi” azarkeşi olmusunuz?

- Qarabağlıyam, amma o vaxt hamı “Neftçi”yə görə gedirdi də. Gedib dəstəkləyirdik. Bu saat “Qarabağ” öndədir, mənim gəncliyimdə elə deyildi. “Qarabağ” da Allahverdi Bağırovdan sonra daha çox belə deyim, tanınmağa başladı. Onun oğlunu erməniləri öldürdülər, amma döyüşü qoyub oğlunun yasına gəlmədi. Bəlkə, çoxları bunu bilmir. Yəni, qızım, demək istəyirəm ki, futbol da, kino da bizim gəncliyimizdə elə bil, daha başqa idi. Ya da ki, ola bilər, mən çox həssaslaşmışam.

- Ola bilər. Zaman hər kəsi bir nöqtədə həssaslaşdıra bilir. Buranın əvvəlki tamaşaçı tutumu nə qədər idi?

- Təxminən, 150 nəfər olardı. Bəzən gəlib yer tapmayanlar olurdu.

- Geri qayıdırdılar?

- Yox. Kənardan stul gətirib əyləşirdilər. Bəzən burada yaşayanlardan xahiş edirdilər ki, stul versinlər, otursunlar.

- Maraq o qədər çox idi?

- Əlbəttə. İndiki nəsilin heç nəyə həvəsi yoxdur. Biz elə deyildik.

- Ən son nə vaxt gəlmisiniz bəs bura?

- Ən son 10 il əvvəl. Bir yapon filmi var idi - “Samurayın xəncəri”. Onu izlədim.

- Yenə gələnlər olurdu?

- Üzr istəyirəm, sən də mənim qızım. Bura son illərdə ancaq sevgililər gəlirdi. 3-4 nəfər. Heç kinoya da baxmırdılar. Belə-belə də fəaliyyəti dayandı. Sonra yerinə bu gördüyünüz mağazanı ucaltdılar. Təxminən, elə 10  il olar ki, kinoteatrdan da əsər qalmadı. Ən sonuncu illərində isə bilyard, domino yeri etmişdilər. Kinoteatrın binası olmuşdu “dominoxana”. Bir də baxdım ki, yox, olub çayxana. Yəni, kinoteatrdan başqa hər şey.  Sonra da elə axırda dəyişdirdilər.

- Mən bilən, burada həm də bəzi müğənnilər konsert verirdi.

- Düz. Müharibə hələ başlamamışdı. Səhv etmirəmsə, 1988-ci il idi, mənim də 30 yaşım olardı. Xəbər gəldi ki, Rəmiş konsert verir. Yaxın dostlarımızla onu dinləməyə gəlmişdik. Başqa amma yadımda deyil ki, hansı müğənnilər gəlib. Özü də mənim bura təxminən yarım saatlıq yolum olar. Kino günlərində piyada düşüb gələrdim. Yəni, belə. Gözəl günlər idi.

- Sizin fotonuzu çəkmək istəyirəm, yazıma yerləşdirəcəyəm.

-Yox, qızım. Üzümün düşməyini istəmirəm. Ehtiyatda olan polkovnik leytenantam.

- Nə yaxşı.

- Hə, ona görə istəmirəm.

- Amma söhbətləşdiyimiz yerdə bir fotoya da yəqin, “yox” demərsiniz.

- O olar.

Sağollaşıb 6 mərtəbədən ibarət binaya tərəf yollanıram. İçəridə kinoteatrla əlaqəli olan heç nə qalmayıb. Hər şey yenilənib. Binanın ilk mərtəbəsində “44” filminin afişası gözümə dəyir. Bütün mərtəbələri qalxıram. Restoran, geyim mağazaları və kino salonu bir-birini izləyir. Binanın yeni təmirdən çıxdığı müasir interyerindən nəzərə çarpır. Amma təəssüf ki, bu yenilik köhnə nəslin “Sevinc”ini çoxdan öldürüb...

Buradan “Dostluq” kinoteatrına yollanmaq qərarına gəlirəm. Tıxacı nəzərə alaraq, “28”-dən yuxarı piyada qalxıram. Mənim yerişimlə təxmini, 25-30 dəqiqəyə binanın qarşısına çatıram. Bura öz adından daha çox rus dilindəki tərcüməsi ilə tanınır  – “Drujba”. Kimdən soruşsanız ki, “Dostluq” teatrı haradadır? Təəccüblənəcək. Amma rus dilini bilməyən şəxs belə “Drujba” teatrı deyəndə ünvanı rahatlıqla izah edə bilər. Əcəbdir.

“Drujba”ya çatanda məni sarı dəmir hasarlarla əhatələnmiş bina qarşılayır. Qarşı tərəf ətrafda yaşayan sakinlərin maşınlarının parklanma yerinə çevirilib. Divarlarında illərin xatirəsindən daha çox şəhərin tozu yatır. Necə ki, bir stəkanı yumadıqda dəm dibində ləkə buraxır, bu bina da o cür unudulub. Hər pəncərədə şüşənin bir hissəsi yoxdur. Ya zəlzələdən, ya vəlvələn qırılıb. Qalan şüşələrin üstünü barmaq qalınlıqda toz örtüb. Yağan yağışların da deyəsən, binanı təmizləməyə gücü yetməyib. Günün günorta çağında sınıq pəncərələrdən içəri olduqca qaranlıq görünür. Sanki, Allah da bura günəşi çox görüb. Payızın bir tərəfinə sarılıq verdiyi yarpaqlar pəncərələrin küncünü özünə məskən edib. Pəncərələrin taxtası Bakının dəyişkən havası altında çürüyüb qalıb.

Binanın ətrafında dönüb-dolaşıb teatrın həyətinə daxil olmaq üçün qapı axtarıram. Nəhayət ağac və maşınların arxa tərəfindən 3-4 pilləkənli bir cığır tapıram. Burada məni 35-40 yaşlarında bir kişi qabaqlayır.

-Salam. Mən teatrın həyətinə daxil olmaq istəyirəm. Qapısını axtarıram, amma dövrə vursam da, tapa bilməmişəm.

- Elçini axtarırsınız?

- Elçin kimdir?

- Elçin... Mən də deyirəm ki, belə normal görünüşlü qızın Elçinlə nə işi olsun axı?

- Elçin kimdir ki?

- Elçin "başqa şey" satır. Siz niyə gəlmisiniz?

- Teatrın binasında yaşayır?

- Hə.

- Necə daxil olur binaya?

- Hasarların üstündən.

- O zaman mən də o cür daxil olaram.

- Xanım, özünüzə niyə problem axtarırsınız? Məsləhət görmürəm. Baxın, bu bina heç kəsin yadına düşmür. Buradan da bomjlar yatmaq üçün istifadə edirlər. Qapısı yoxdur, çünki qapısı çoxdan bağlanıb. Onlar da hasarların üstündən bir yolla özlərini atırlar içəri. Amma mən bilmirəm ki, siz ora düşsəniz, nə ola bilər. Bəlkə, indi hansılarsa oradadırlar.

- Tək “bomj”lar?

- Yox. Narkomanlar da ola bilər.

- Adını bildiyinizə görə, haqqında da məlumatsız olmazsınız.

- Bildiyim elə budur. Sadəcə bircə məsləhətim o ola bilər ki, təhlükəlidir. Siz də xanımsınız.

- Onları hasardan içəri düşəndə görmüsünüz? Üzlərindən tanıyırsınız?

- Görürük. Tək mən yox, burada yaşayanların çoxu onları görür. Yəqin, içəri qırıq araq butulkaları, ya da iynələrlə doludur. Ona görə deyirəm. Yenə də özünüz bilərsiniz.

Mən yenə də qapı tapmaq həvəs və ümidi ilə hasarın maşın yolu tərəfinə keçirəm. Təxminən, 80 yaşlarında bir xanıma da axtardığım sualı yönləndirirəm.

- Bir az qarşıda, solda binanın həyətinə giriş var idi. İndi bilmirəm.

Dediyi yönə addımlayıb bir neçə pilləkəndən sonra teatrın arxa tərəfindəki qapını tapıram. Amma qapı “svarka” edildiyinən yenə də içəri keçmək istəyim suya düşür. İçəri boylandığımı görən bir nəfər yaxınlaşır.

- Salam. Bura çoxdan belə bağlıdır?

- Bəli. Neçə illərdir. Mən bu ərazidə JEK müdiri olaraq çalışıram. Hələ məndən də öncə hasarlanıb, hər tərəfdən bağlanıb. Amma bu qapını da “svarka” etdirməkdən bezmişik. Gəlib qırıb içəri keçirlər.

Bu məqamda əraziyə jurnalist olaraq getdiyimdən xəbərsiz olan 70 yaşlarında bir kişi yaxınlaşır.

- Qızım, qurban sənə. Nə adımı yaz, nə soyadımı. Amma şikayətimi işıqlandır. Bura ilə maraqlanırsan. Amma yaz. Tək maraqlanmaqla qalma. Bu bina başdan-ayağı təhlükə saçır. Gecələri “bomjlar”, narkomanlar tökülüşür içəri. Yuxarı mərtəbələrdən baxanda da görürük. Taxtaları çürüyüb. Kimsə yıxılsa, salamat qalmayacaq. Bir yanğın çıxsa, kənardakı heç bir binanı xilas etmək mümkün olmayacaq. Divarlarındakı yazılardan isə danışmaq istəmirəm. Abrımıza bükülüb qalmışıq. Uşaqlarımıza görə çox qorxuruq. Əncam çəmirlər.

- Mən binanın həyətini çəkmək istəyirdim.

- Araq butulkaları, iynələr, yemək qabları. Başqa da indi kimlərsə olar içəridə, onu da bilmirəm.

- Heç gəlib maraqlanmırlar?

- Bir neçə il əvvəl gəldilər ki, təmir olunacaq. Sonra səs-səmir çıxmadı. Təmir də olunmur, sökülmür də. Olduğu kimi qalıb, amma qəzalı vəziyyətdədir. Maraqlanmırlar. Amma belə olmaz.

- Siz bəs şikayət etmisiniz?

- Etdik, dedilər, baxacağıq. O baxan, bu baxan.

Telefon işığı ilə “sıvarka” olunmuş qapıdan içəri baxmağa cəhd edirəm. Üst-üstə yığılan kərpic daşlar qapının ağzına düzülüb. Yəqin, qapı qırılsa belə, heç kəs içəri keçə bilməsin deyə, belə həll yolu tapmağa çalışıblar. Amma görünüən odur ki, “sıvarka”nı qıranlar hörülmüş daşları da aşırtmağı bacarıb.

Bir qədər irəlidə binanın arxa divarlarını daha yaxşı görmək üçün betonlanıb üst-üstə yığılan daşların üzərinə çıxıram. Daşlar ayağımın altında yellənir. Gözümün qarışısındakı mənzərə yıxılmaq ehtimalımdan daha çox məyus edir məni. Bir zamanlar mədəniyyət abidəsi olan bu binanın divarlarını biədəb yazılar, şəkillər bürüyüb. Daşın üzərindən düşürəm. Bəlkə, bina da artıq bütün bunlardan utanıb özünü zamanla yox etmək qərarına gəlib. Bilmirəm.

Gördüklərimdən və eşitdiklərimdən üzülüb reportajımı fərqli kinoteatrda davam etdirmək üçün yola düzəlirəm. Elə “Drujba”dan bir qədər aşağıda keçmiş “Şəfəq”in qarşısına çatıram.

Bayaq eşitdiklərimdən sonra açığı, buradakı görüntü məni sevindirir. Düşünün, köhnə kinoteatrın binası bu gün başqa bir teatr üçün yuvaya çevirilib. Söhbət Azərbaycan Dövlət Pantomim Teatrından gedir. Qotika üslubunda olan bina 1911-ci ildə baptistlərin ibadət yeri olaraq tikilib. Sovet hakimiyyəti qurulduqdan sonra bina “Şəfəq” adı ilə kinosevərlərə xidmət edib. Bina 1994-cü ildən etibarən isə indiki adını daşıyır.

Buradan çıxıb Sahil metrosu tərəfdə yerıləşən “Vətən” kinoteatrının olduğu əraziyə addımlayıram. Qırmızı-ağ kərpiclərin intizamla düzüldüyü keçidin sağında balaca bir restoran fəaliyyət göstərir. Restoranın arxa hissəsi isə otel kimi qurulub. Yəni, bir vaxtların “Vətən”ində artıq restoran və otel fəaliyyət göstərir. Kinoteatrın binası da yenilənib, divarları təmir edilib, rənglənib. Geriyə qalan yeganə xatirə isə yaşlı nəslin bura ilə bağlı bildikləridir. 80 yaşlarında bir xanıma yaxınlaşıb “Vətən”i tanıyıb tanımadığını soruşuram.

-Oy, “Vətən”. Gəlirdik yoldaşımla. Gənclik idi də. İndi yoxdur amma. Görürsünüz də. Yerində restoran, otel – hər şey var. Amma o kino da yoxdur, o “Vətən” də. İncimə, mənim balam. Heç o günlər də yoxdur. Onu biz yaşadıq...

- İncimirəm. İnciyəcək bir şey yoxdur. Hamımızın bir dövrümüz var. Gedirsiniz indi kinoya?

- İndiyə kino qalar? (gülür)

- Gəncliyinizi yad etmək üçün.

- Daha keçdi...

Göründüyü kimi, bir zamanların məşhur kino abidələri bu gün ya restorandır, ya otel, ya da geyim mağazası. Ən təsirlisi isə, ondan heç nə ərsəyə gəlməyən binadır. “Drujba” kimi. O, təəssüf ki, digərlərinə “dostluq” edə bilməyib, tozlu günlərində boğulur....

Reportajın davamı növbəti yazılarda digər kinoteatrlarla davam etdiriləcək...

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑