Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparılan axtarışda narkotik maddələrin xırdalanması üçün istifadə oluna biləcəyi ehtimal edilən iki aparat, həssas tərəzi və içərisində bitki qalıqları olduğu düşünülən banka tapılıb. Həmçinin Yalçıntaşın qan və saç nümunələrinin analizində THC metaboliti və kokain aşkarlandığı bildirilib.
Müğənni isə ifadəsində narkotik istifadəçisi olmadığını söyləyib. O, bankada aşkarlanan maddənin kəklikotu olduğunu, evindən götürülən digər əşyaların isə başqa məqsədlər üçün istifadə edildiyini iddia edib.
Məhkəmə ittiham aktını qəbul etsə də, iş aidiyyət məsələsinə görə İstanbulun 19-cu Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, İlyas Yalçıntaş ötən ilin iyulunda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb. Müğənni həmin iş üzrə həbs edilən dörd nəfərdən biri olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)




