Bakı, 19 oktyabr,
“Erkən hisslər” filminin çəkilişi zamanı əsas çətinlik aktyor seçimi, xüsusilə də uşaq obrazlarına uyğun namizədlərin tapılması ilə bağlı olub. Uşaqlarla işləməkdən çəkinmədim, əksinə bu proses mənim üçün maraqlıdır. Gələcəkdə də uşaq filmləri çəkmək istəyirəm. Çünki uşaqlardakı səmimiyyəti çox sevirəm və həmin xüsusiyyəti bəzən peşəkar aktyorlarda da tapmaq mümkün olmur.
Bunu AZƏRTAC-a açıqlamasında filmin ssenari müəllifi və rejissoru Nurlan Həsənli deyib.
Onun sözlərinə görə, kastinq mərhələsində bir neçə şirkətlə əməkdaşlıq edilib, müxtəlif vaxtlarda uşaqlar arasında seçim aparılıb. “Lakin ilkin mərhələdə Azərbaycan dilində danışıqla bağlı çətinliklər yaranıb. Namizədlərin bir çoxu rusdilli olub, Azərbaycan dilində aksentlə danışıb və ya fikirlərini ifadə etməkdə çətinlik çəkib. Nəticədə filmin uşaq qəhrəmanları “Oyuq” uşaq teatrından seçilib. Teatrın uşaqlarının bir çoxu müəllimləri ilə uzun müddət aktyorluq təhsili alıb, səhnə təcrübəsi qazanıb, hətta bəziləri filmlərdə də çəkilib. Onların həm xarici görünüşü, həm də Azərbaycan dilində sərbəst danışmaları seçim prosesini asanlaşdırıb. Beləliklə, “Oyuq” uşaq teatrı ilə əməkdaşlıqdan sonra aktyor seçimi ilə bağlı əsas çətinlik aradan qalxıb”, - deyə N.Həsənli əlavə edib.
Rejissor olmaq qərarına gəlməsinə təsir edən amillərdən danışan müsahib qeyd edib ki, uşaqlıqdan filmlərə maraq göstərib. O, ilk vaxtlar daha çox Amerika və Hollivud filmlərini izlədiyini deyib: “İlk təhsilimi Qafqaz Universitetində Avropaşünaslıq ixtisası üzrə alıb. Daha sonra Türkiyə təqaüdü ilə Radio, Televiziya və Kino fakültəsində təhsilini davam etdirdim. Bir semestr Macarıstanda Erasmus mübadilə proqramında iştirak etdim. Azərbaycana qayıtdıqdan sonra əsasən ssenarist kimi fəaliyyət göstərdim, əvvəlcə Xəzər Televiziyasında, daha sonra İctimai Televiziyada çalışdım. 2020-ci ildən rejissor kimi də fəaliyyətini davam etdirirəm. Rejissor fəaliyyətinə isə 2020-ci ildə, COVID-19 pandemiyası dövründə başladım. Həmin vaxta qədər yazdığım ssenarilər başqa rejissorlar tərəfindən ekranlaşdırılırdı. Pandemiya səbəbindən çəkilişlərin dayanması və evdə qalmaq məcburiyyəti məni film çəkməyə sövq etdi. İlk çəkilişlərə dostumun evində başladıq. Daha sonra məhdudiyyətlər yumşaldıqca xüsusi icazələrlə müxtəlif məkanlarda çəkilişləri davam etdirdik. İş prosesində rejissorluğun da öhdəsindən gələ biləcəyini gördükdən sonra bu istiqamətdə fəaliyyətimi davam etdirmək qərarına gəldim”.
Müxbir – Fidan Əlizadə, Gülay Nəzərova





