Azərbaycan ədəbiyyatının repressiya illərində itirdiyi əvəzsiz şair Hüseyn Cavidin misilsiz sənət əsərlərindən biri də onun təxminən 40 yaşında qələmə aldığı “Peyğəmbər” dramıdır. Qeyd olunan əsər müəllifinə ədəbi şöhrətlə bərabər şəxsi müsibətlər də gətirmişdir. Ateizmi bayraq edən bolşevik təfəkkürlü “qələm dostları”na və kommunizmin keşiyini çəkən “alovlu tribunlara” “Peyğəmbər” əsəri əbədiyaşar Cavidə hücuma keçmək, onu panislamizmdə ittiham etmək üçün göydəndüşmə fürsət yaratmışdı. Qanlı-qadalı repressiya illərinin dövrü mətbuatında proletar ədəbiyyatının “bərkgedənlər”i Cavid əfəndini qaralama kampaniyası aparanda müntəzəm olaraq “Peyğəmbər” əsərinə istinad edirdilər: “Fəhlə-kəndli sinfindən qəhrəman olmaz- deyə düşünən Cavid ədəbi qəhrəmanını yad ellərdə, çöllərdə, uzaq keçmişin toz basmış tarix səhifələrində axtarır”.
“Peyğəmbər” əsəri adı göstərilməyən Mələyin İslam Peyğəmbərinə xitabı ilə başlayır:
Ulu dahi, sən ey böyük rəhbər!
Qalx, oyan. İştə hər tərəf, hər yer,
Həp təbiət dalıb da röyayə
Cəlb edər ruhu şeir ü sevdayə
Gecə yıldızlar ilə pürxülya
Səni dinlər sükut içində fəza.
Bizim subyektiv düşüncəmizə görə, H.Cavid əsərini məqsədyönlü şəkildə qeyd olunan müraciətlə başlamışdır. Zənnimizcə, mənzum müraciətin ikinci misrasındakı “qalx, oyan” sözləri ilə Hüseyn Cavid Qurani-kərimin nazil olunmuş ilk ayəsinin hansı ayə olması barədə şəxsi fikrini irəli sürmüşdür. Müfəssirlərin böyük əksəriyyəti birmənalı şəkildə Quranın ilk ayəsinin Ələq surəsinin “اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ- Yaradan Rəbbinin adı ilə oxu!” əmri təsbit edilmiş ayə olduğu görüşündədir. Quran şərhçilərinin az bir qismi isə nazil olunmuş ilk ayənin Müddəssir surəsinin ilk iki ayəsi olduğu düşüncəsindədir. Xatırladaq ki, Müddəssir surəsi— سورة الْمُدَّثِّرُ - tərtib sırasına görə, Qurani – kərimin 74-cü surəsidir. Surənin adı 1-ci ayədə qeyd olunan və mənası “əbasını üstünə sərmiş, çəkmiş, bürünmüş” anlamına gələn “muddəssir”— مُدَّثِّرُ – sözündən alınmışdır.
Sözün kökü “bürünmək, üstünə çəkmək, üstünü örtmək” anlamı bildirən “dəsərə - د ثر “ feilindən gəlir. Ərəblər paltarın üstündən geyilən qiyafətə və ya gecə yatarkən istifadə olunan geyimə, pijamaya “disar, dəsar- دثار- deyirlər. Məhəmməd Peyğəmbər əleyhissəlamın səhabələrindən olmuş Cabir bin Abdullahın (جابر بن عبدالله) rəvayətinə görə, İslam Peyğəmbəri belə demişdir: “Hira dağında oturmuşdum, birdən bir səs eşitdim. Yan-yörəmə baxdım, heç nə görmədim. Qəflətən yuxarı baxanda çox qəribə bir kölgə gördüm və qorxdum. Evə getdim, xanımım Xədicə binti Xuveylidə dedim ki, üstümü ört, titrəyirəm. Yarıyuxulu halda ikən mənə Müddəssir surəsinin ilk ayələri nazil olundu: قُمْ فَاَنْذِرْۙ . يَٓا اَيُّهَا الْمُدَّثِّرُۙ – Ey bürünmüş olan. Qalx, çəkindir/ xəbərdar et”. Cavidin təqdimatında Mələk, Peyğəmbərə “Bən sənim, sən də bən; şaşırma, əvət” söyləyir. “Bən sənim, sən də bən” ifadəsini vəhdəti- vücud prinsipindən dəyərləndirsək, 18 min aləmdə mövcud olanların, mələklər də daxil, hamısının Onun təcəllisi olduğunu söyləmək lazımdır:
Bən bilməz idim gizli, əyan həp SƏN imişsin
Tənlərdə və canlarda nihan həp SƏN imişsin.
SƏNdən bu cihan içrə nişan istər idim bən,
Ən son şunu bildim ki, cihan həp SƏN imişsin!
Hüseyn Cavid “Peyğəmbər” əsərində Mələyin və Rəsulullah əleyhissəlamın ALLAH dərgahında eyni olduğunu vurğulamışdır. Yeri gəlmişkən, Şərq ədəbiyyatında bu fikir geniş yayılmışdır. Məsələn, Cəlaləddin Ruminin “Şəms divanında bənzər ifadə mövcuddur:
سنریهم شد و فی انفسهم
هم توام خوان که ز آیات توام
Birinci beytdəki “sənurihim- سَنُر۪يهِمْ” və “fi ənfusihim- فِي أَنْفُسِهِمْ ” sözləri Qurani- kərimin Fussilət surəsinin 53-cü ayəsindən iqtibasdır. Hərfi mənası “onlara özlərində göstərəcəyik” şəklindədir. Şair həmin beytdə “Ayələrimizi onlara həm üfüqlərdə, həm də özlərində göstərəcəyik” hökmü gerçəkləşdi; məni həm də sən deyə oxu ki, mən SƏNin ayələrindənəm” fikrini ifadə etmişdir.
“Peyğəmbər” əsərində verilmiş bəzi ifadələr VII əsrdə Məkkədə və Mədinədə yaşamış tarixi şəxslərə aiddir. Məsələn:
Pək gözəl natiq imişsin, yahu,
Bir masal söylə, beş-on ayət oxu.
“Təfsiru’l mizan” kimi tanınan “Əl mizan fi təfsiru’l Quran” ( المیزان فی تفسیر القرآن ) əsərinin 20-ci cildinin 92-ci səhifəsində Müddəssir surəsinin 8-ci— 11-ci ayələrinin nazil olunması aşağıda qeyd olunan səbəblə açıqlanmışdır: Məhəmməd Peyğəmbər əleyhissəlam Kəbədə, “İsmail daşı” adlanan Hicri- İsmaildə (حِجْر إسماعيل ) oturub namaz qılırdı. Müşriklərdən olan Vəlid bin Muğirə ( وَلید بن مُغِیرَة) onu görüb yaxınlaşdı və “şeirlərindən mənim üçün də oxu” dedi. Peyğəmbər “oxuduğum şeir deyil, ilahi əmrlərdir” cavabını verdi və Səcdə surəsinin 10-cu—12-ci ayələrini oxudu. Vəlid bin Muğirənin tükləri biz-biz oldu. Vəlid bin Muğirə daha orda durmayıb müşriklərin yanına getdi və onlara dedi ki, Məhəmməd bin Abdullah əsl sehrbazdır, onu dinləyənlərin qəlbini və beynini sehrləyir, özünə əsir edir.” Bu hadisədən sonra Müddəssir surəsinin 8-ci— 11-ci ayələri vəhy olundu.
Təfsir kitablarının çoxunda iddia olunur ki, Huməzə surəsində Vəlid bin Muğirə haqqında məlumat var. Vəlid bin Muğirə Məkkədə böyük sərvətə və nüfuza sahib bir müşrik idi. Bəlağətli danışmaqda və istehza etməkdə xüsusi qabiliyyəti vardı. Ömrü boyu İslam Peyğəmbərinə məsxərə etmişdir. Təfsir kitablarında həmin Vəlid bin Muğirənin bir “qəntar” ( قنطار ) qızılı olduğu yazılıb. Maraq üçün qeyd edək ki, “qəntar” bir öküzün bütöv dərisindən hazırlanmış dəri çuvala deyilir. Xatırladaq ki, Qurani-kərimin Ali- İmran surəsinin 75-ci və Nisa surəsinin 20-ci ayəsində “qəntar” sözü “çoxlu, bol” mənalarında işlənmişdir Vəlid bin Muğirə hər gün öz qızıllarını çuvaldan yerə səpələyib sonra onları saymağı xoşlayarmış. Huməzə surəsinin 2-ci və 3-cü ayəsində buyurulmuş “sərvətini toplayıb sayan, o sərvətin onu ölümsüz edəcəyini düşünür” sözlərində Vəlid bin Muğirəyə eyham vardır. Ümumiyyətlə, Vəlid bin Muğirə barəsində təkcə Huməzə surəsində danışılmamışdır. Qurani- kərimin digər surələrində də onun haqqında ayələr vardır. Məsələn, Müddəssir surəsinin 10-cu— 24-cü, Hicr surəsinin 94-cü— 96-cı, Zuxruf surəsinin 31-ci və 32-ci, Ənam surəsinin 10-cu, Qələm surəsinin 11-ci, İsra surəsinin 15-ci ayəsi buna nümunə ola bilər. Məkkənin ən zəngin müşriklərindən olan Vəlid bin Muğirə (الوليد بن المغيرة) haqqında nazil olunduğu qeyd olunmuşdur. Vəlid bin Muğirə həm çox varlı, həm də ərəb ədəbiyyatına və bəlağətinə mükəmməl sayıla biləcək dərəcədə hakim idi. İslamiyyətin əleyhinə olan adamlara maddi dəstək verməklə kifayətlənmir, imkan düşəndə şəxsən özü də Məhəmməd Peyğəmbərin əleyhinə çıxışlar edir, onu dəli və xəyalpərəst adlandırır, söylədiklərini də məntiqsiz fikirlər hesab edirdi. Xatırlatmaq yerinə düşər ki, Vəlid bin Muğirə müsəlmanlara olan nifrəti ilə tanınan Əbu Cəhlin doğmaca əmisi idi. Cavidin əsərində Peyğmbərə “yahu, bir masal söylə”- deyə lağ edən həmin müşrik ayağına batan paslı mıxdan zəhərlənib ölmüşdür. Rəvayətə görə, can verərkən “məni Məhəmməd bin Abdullahın Rəbbi öldürdü” deyib.
Səndən arif daha çoklar var ikən,
Səni seçmiş əcəba Tanrı nədən?
Cavidin “Peyğəmbər” əsərindəki bu sözlər də zamanında İslam Peyğəmbərinə verilmiş çoxsaylı tənəli sorğulardandır. Məkkə müşriki Münəbbih bin əl- Həccac əs- Səhmiyə (منبه بن الحجاج السهمي ) aiddir. O da İslam Peyğəmbərinin qatı əleyhdarlarından olmuşdur. Yazılanlara görə, İslam Peyğəmbəri ilə hər dəfə qarşılaşanda Rəsulullaha rişxəndlə “Rəbbin peyğəmbər göndərməyə səndən daha layiqlisini tapa bilmədi ki, səni göndərdi?” deyərmiş. Yeri gəlmişkən, İslam aləmində məşhur olan Zülfiqar qılıncı ( ذُوٱلْفَقَارِ - ərəb mənbələrində “zu’lfəqar” kimi yazılır və tələffüz olunur) Bədr döyüşündə öldürülmüş Məkkə müşriki Münəbbih bin əl- Həccac əs- Səhmiyə aid imiş. Onun qılıncı hərbi qənimət kimi İslam Peyğəmbərinə təqdim olunmuşdur, lakin Məhəmməd Peyğəmbər əleyhissəlam Zülfiqarı Həzrət Əli bin Əbu Talibə layiq bilmiş və ona bağışlamışdır.
Ədəbiyyatda Zülfiqar haça uclu, hər iki tərəfi kəsən, xüsusi poladdan hazırlanmış qeyri-adi bir qılınc kimi təsvir olunur. Zülfiqar sözünün mənşəyinə baxıldıqda da bunu müşahidə etmək olur. Sözün əsasını “fəqərə—فقرة “ kəlməsi təşkil edir, ərəbcədə “fəqar- فقار “ “fəqərə” sözünün cəm şəklidir. Zülfiqar sözünün önündə gələn “zu-ذو”prefiksi qrammatik baxımdan ərəbcədə malikiyyət bildirir: Zu’lfəqar- ذُوٱلْفَقَار, yəni, “iki fəqərəli, iki onurğalı, iki ağızlı” anlamları bildirir. Dilçilərin bir qrupunun düşüncəsinə görə isə, “zu’lfəqar” sözünün gerçək mənası “üstündə çapıqları olan” və ya “üstündə çıxıntıları, buğumları olan” şəklindədir. Zülfiqar XI əsrdən sonra qeyb olmuşdur. “Peyğəmbər” əsərində H. Cavid o əfsanəvi qılıncı Əbu Talib oğlu adlandırdığı möhtərəm tarixi şəxsiyyətin belində təsvir etmişdir:
Lakin şu qılıc nə zaman
Məhbəsdən qurtulacaq?
Bəzi qaynaqlarda iddia olunur ki, Məhəmməd Peyğəmbər əleyhissəlam Uhud döyüşündə Həzrət Əli bin Əbu Talibin şücaətindən vəcdə gələrək Həzrət Cəbrailə “Əslində, o məndəndir, mən də ondanam” söyləyəndə Həzrət Cəbrail də “Mən sizin hər ikinizdənəm” buyurmuşdur— “ فقال رسول الله صلى الله عليه وسلم: إنه مني وأنا منه. فقال جبريل: وأنا منكما”
“Peyğəmbər” əsərində Məkkənin o zamankı bütpərəstlərinin Rəsulullaha sui-qəsd planı tarixi gerçəkliyə uyğun şəkildə verilmişdir. Müşriklər onların sitayiş etdikləri bütləri heç sayan İslam Peyğəmbərini öldürmək qərarına gəlirlər:
Ah, o bilməm ki, nə sanmış da bizi
İştə təhqir ediyor cümləmizi.
Yetişir, xaini məhv etməliyiz
Sayğısız həm də müzəvvir, dinsiz.
Gerçək adı Əmr bin Hişam bin Muğirə - عمرو بن هشام بن المغيرة – olsa da Məkkə müşrikləri çox vaxt onu Əbu’l Həkəm (Müdriklik atası) deyə çağırırdılar. 570 - 624-cü illərdə yaşamışdır. İslamiyyətə və Məhəmməd Peyğəmbərə qarşı çıxanların lideri olaraq tanınır. Mübahisə etməkdə, söylədiyi fikirlərlə rəqiblərini susdurmaqda mahir idi. İslam Peyğəmbəri ona Əbu Cəhl— ابو جهل, yəni, “cahillik atası” ləqəbini verdiyindən bütün müsəlmanlar da onu Əbu Cəhl ləqəbiylə tanımışlar. Sərvətinə və qabiliyyətinə görə Məkkədə böyük nüfuz sahibi idi. Əbu Cəhlin fitvası ilə Məkkə müşrikləri Məhəmməd Peyğəmbər əleyhissəlamı üç il boykot edərək onu təcrid etməyi başarmışdılar. 622-ci ilin sentyabr ayında Məkkə müşrikləri Kəbənin yanında Daru’n nədvədə (دار الندوة – bu ifadənin hərfi mənası “toplantı evi, yığıncaq evi” anlamındadır: dar-ev, nədvə- yığıncaq. ) müşavirə keçirəndə Əbu Cəhl təklif etmişdi ki, Məhəmməd Peyğəmbərin mənsub olduğu Haşim oğullarının qan davası edə bilməmələri üçün Məkkənin bütün qəbilələrindən seçilmiş nümayəndələr bərabər şəkildə Məhəmməd Peyğəmbərə hücum edib onu öldürsünlər. İslam Peyğəmbərinin cavab tədbiri sui-qəsdçilərin planını pozmuşdur.
Məhəmməd Peyğəmbər salavatullahın gizli şəkildə Məkkəni tərk edərkən müşriklərin duyuq düşməməsi üçün əmisi oğlu Həzrət Əli bin Əbu Talibi öz əvəzində yataqda yatırması hadisəsinə dini ədəbiyyatda “Leylətü’l məbit— ليلة المبيت “ adı verilmişdir. Bu hadisə hicri qəməri təqvimin 1-ci ilinin rəbiü’l əvvəl ayının birinci gecəsində baş vermişdir. İslam Peyğəmbəri əmisi oğlu Həzrət Əli bin Əbu Talibə “məni öldürmək istəyən müşriklərin təqibindən qurtulmaq üçün mən bu gecə xəlvətcə Səur - ثور - dağına gedəcəyəm, müşrikləri çaşdırmaq üçün sən mənim yatağımda yatarsanmı?” söyləyəndə Həzrət Əli heç tərəddüd etmədən “canım sənə fəda olsun” deyib. Peyğəmbərimiz kövrəlmiş və Həzrət Əliyə sarılmışdı. Həzrət Əli Peyğəmbərin yatağında yatmaqla müşrikləri yanıltmağı bacarmışdı. Gecə keçənədək arxayın halda fürsət gözləyən müşriklər Həzrət Əli işığı söndürəndən sonra onun olduğu yerə hücum çəkmişlər. Məkkə müşriki Xalid bin Vəlid qılıncını çəkib içəri cumanda Həzrət Əli cəld hərəkətlə onun əlindəki qılıncı vurub yerə salmışdı. Müşriklər Peyğəmbərin əvəzinə Həzrət Əlini görəndə çaşıb qalmışdılar: “Ya Əli, səninlə bir işimiz yoxdur, biz peyğəmbərlik iddia edəni axtarırıq”. Müşriklər peşman halda dağılışıb getmişdilər. “Məbit” sözü “gecələmək, yataq” anlamındadır.
Hüseyn Cavid “Peyğəmbər” əsərində mümkün qədər tarixi gerçəklərə sadiq qalmışdır. “Peyğəmbər” əsərinə görə, Həzrət Ömər bin Xəttab da ilk vaxtlarda sui-qəsdçiləri dəstəkləmişdir:
Nə kadar olsa da əcdadı ulu,
Sağ bırakmaz onu Xəttaboğlu.
Hiç məraq etməyin, əlan giderim
Onu bən parçalarım, məhv edərim.
634— 644-cü illərdə xəlifə olmuş Həzrət Ömər bin Xəttab - عمر ابن الخطاب ( 584 -644 ) tarixi mənbələrdə “Faruq— فاروق -” ləqəbiylə məşhurdur. Bəziləri xəlifə Həzrət Ömər bin Xəttabla Kərbəlada İmam Hüseyn bin Əliyə qarşı vuruşmuş Ömər bin Sə’di qarışıq salır və səhvən xəlifə Həzrət Öməri bu faciədə günahlandırırlar. Halbuki, xəlifə Həzrət Ömər bin Xəttab Kərbəla hadisəsindən 36 il əvvəl, 644-cü ildə Firuz Nəhavəndi adlı bir kölə tərəfindən sui-qəsd nəticəsində qətlə yetirilmişdir. İslam ədəbiyyatında yayğın olan rəvayətə görə, Həzrət Ömər İslam Peyğəmbərini öldürmək məqsədilə yola çıxanda təsadüfən yaxın dostu Nuaym bin Abdullahı namaz qılan vəziyyətdə görür. Onun gizlində müsəlman olduğunu başa düşəndə dostu Nuaymı öldürmək istəyir. Dostu Nuaym da “sən öncə müsəlman olmuş öz bacını və onun ərini öldür” deyib. Bu xəbərdən qəzəblənmiş Ömər bin Xəttab geri qayıdıb bacısıgilə gəlir. Bacısı ilə ərinin Quran oxuduqlarını görəndə daha da hirslənmiş Həzrət Ömər bin Xəttab bacısının üzünə bir yumruq vurur. Sonra da qəzəblə bacısının əlindəki kağızları almaq istəyəndə ağzı-burnu qanayan bacısı kağızları qardaşına vermir: “Dəstəmazsız olanlar bu kağızlara əl vura bilməzlər” deyir. H.Cavid Həzrət Ömərlə bacısının qarşılaşma səhnəsini belə təsvir etmişdir:
Onun ALLAHına iman etdik
Duyğusuz bütlərə isyan etdik.
Həzrət Ömər bin Xəttab dəstəmaz alıb bacısının və kürəkənlərinin oxuduğu kağızlara baxır. Rəvayətə görə, Həzrət Ömərin ilk oxuduğu ayə Taha surəsinin 14-cü ayəsi olub: “Lə ilahə illa ənə fəbudni— Məndən başqa ilah yoxdur, mənə ibadət et— لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي.” Nadir hallarda ağlayan Həzrət Ömər bərk peşman olur, ağlayaraq bacısından və onun ərindən üzr istəyir. H. Cavid Rəsulullaha biət etmiş Həzrət Ömər bin Xəttabı belə təsvir edir:
Yaranı şimdi sarıb bən gidərim
O böyük dahiyə iman edərim.
Rəvayətə görə, bu hadisədən sonra Həzrət Ömər nümayişkaranə şəkildə Kəbədə namaz qılmışdır. O, bu hərəkəti ilə İslam Peyğəmbərinin qatı əleyhdarları Əbu Cəhl və Əbu Sufyanı çox hiddətləndirmiş, daha sonra da İslam Peyğəmbərinin müdafiəçisi olmaq üçün onun yanına getmişdir. Qaynaqlar göstərir ki, Məkkə müşriklərinin qorxusundan müsəlmanlar Mədinəyə gizlincə, gecə vaxtlarında getdikləri halda, Həzrət Ömər bin Xəttab yüksək səslə “Arvadını dul, uşaqlarını yetim qoymaq istəyən varsa çıxsın qarşıma”- deyə qışqıraraq gündüz vaxtı bütün ailə üzvləri ilə bərabər Mədinəyə köçmüşdür. H.Cavid İslam Peyğəmbərinin düşmənindən sadiq tərəfdarına çevrilmiş Həzrət Ömər bin Xəttabı belə təsvir edir:
Söylə, hər kimsə düşmənin gidəyim
Öc alıb bir vuruşda məhv edəyim.
Bak, şu əlmas qılıc bu gün ancaq
Sənin uğrunda parlayıb duracaq.
İslam dünyasının iki məşhuru- Həzrət Əli bin Əbu Talib və Həzrət Ömər bin Xəttab sidq ürəklə Rəsullullahın önündə dostcasına qucaqlaşırlar. İslam Peyğəmbəri bu ülfətdən son dərəcə məmnun olur:
Öpüşüb birləşin ki, hər biriniz
Haqq yolun ən dəyərli rüknüsünüz.
Dini- islama yox zaval artıq
Haqqı təbliğə başlayın apaçıq.
Unutmaq olmaz ki, Peyğəmbər əsəri tarixi mövzuda yazılsa da tarixi sənəd deyil. Hüseyn Cavid əsərdə bəzən bədii təxəyyülə dayanan lirik ricətlər, səhnələr yaratmış, İslam Peyğəmbəri başda olmaqla əsərdəki xarakterləri tarixi kimlik zəmnindən uzaqlaşdıraraq görmək istədiyi şəkildə də təqdim etmişdir. Ona görə də “Peyğəmbər” əsərinin bəzi yerlərində tarixi gerçəkliklə səsləşməyən, lakin xalq arasında yayğın olan fikirlər də mövcuddur. Məsələn:
Yoxsulluq ən böyük sərvət,
Qarşımda hiçdir rəyasət.
H.Cavidin İslam Peyğəmbərinə aid etdiyi bu fikir səhih olmayan hədisdən qaynaqlanmışdır. Bəzi hədisçilərin iddiasına görə, Peyğəmbər “الفقرُ فخري، وبِه أفتَخِرُ – Yoxsulluq fəxrimdir, onunla öyünürəm” buyurmuşdur. Lakin məşhur hədis mütəxəssisləri İbn Teymiyyə, İbn Həcər və Molla Əli əl-Qari həmin hədisin əsassız olduğunu bildirmişlər.
Yaxud, tarixi qaynaqlara görə, Məhəmməd Peyğəmbər əleyhissəlam son dərəcə məxfi bir şəkildə Həzrət Əbu Bəkr Siddiq ilə bərabər gecə vaxtı Məkkədən Yəsribə ( Mədinəyə ) hicrət etmək məqsədi ilə yola çıxmışdır. Cavid əfəndinin təqdimatında bu hadisə bir qədər fərqli şəkildədir:
Bu günün hökmü başqadır: hər kəs
Xəbər etsin də kəndi bildiyinə.
Başlayın cümlə yol tədarükünə
Gecə erkən beşər- üçər həpimiz
Buradan ayrı- ayrı köçməliyiz.
Şərq ədəbiyyatında çox məşhur olan və Peyğəmbərə aid edilən “إِنَّ اللَّهَ جَمِيلٌ وَيُحِبُّ الْجَمَالَ – ALLAH, əlbəttə, gözəldir və gözəlliyi sevər” ifadəsinin H. Cavid “Peyğəmbər” əsərində təsvir etdiyi Şəmsa adlı qadına görə söylənildiyi görüşündədir.
Səni əfv etdi o hüsni- əzəli,
O, gözəldir, sevər, əlbət, gözəli.
Hədis kitablarında isə, (məsələn, “Hədisi- Müslim”də ) həmin ifadənin deyilişi tamamilə başqa hadisə ilə açıqlanmışdır: “Rəsulullahdan gözəl paltar və ayaqqabı geyinməyi xoşlayan bir adamın təkəbbürlü sayılıb- sayılmamasını soruşdular. Rəsulullah cavabında “Təkəbbür haqqı danıb insanları xor görməkdir; ALLAH, əlbəttə gözəldir və gözəlliyi sevər” buyurdular.”
Cavid əfəndi Rəsulullahın şair olmadığını çox gözəl bilsə də “Peyğəmbər” əsərində baş qəhrəmanını şair ruhlu təqdim etmişdir:
Bən fəqət hüsn ü Xuda şairiyim,
Yerə enməm də, səma şairiyim.
Həzrət Məhəmməd Peyğəmbər əleyhissəlama inanmayan və ona qarşı çıxan Məkkə müşrikləri israrlı şəkildə onun şeir söyləməsini tələb edirdilər: “Davud Peyğəmbər öz təkrarsız gözəl səsi ilə bütün canlıları heyrətə gətirməklə, Musa Peyğəmbər sehri ilə ən bacarıqlı cadugərləri xəcil etməklə, İsa Peyğəmbər nurdan məhrum xəstələrin gözlərini sağaltmaqla peyğəmbərliklərini sübuta yetirmişlər. Səndən elə böyük möcüzə istəmirik, sadəcə, Müəlləqa şairlərindən (شعراء المعلقات) daha üstün olduğunu göstər, biz sənə inanaq.”
Qeyd edək ki, Cahiliyyə dövründən bəri sözü, nüktədanlığı, ustalıqla işlənmiş bədii təsvir və ifadə vasitələrinin müşayiəti ilə yazılmış nəfis şeirləri dəyərləndirməkdə ərəblər çox mahir idilər. Şeir yarışmalarında birincilik qazanmış şeirləri yazıb Kəbənin divarından asırdılar; şəhər əhalisi onları əzbərləyir, müxtəlif məclislərdə oxuyurdular. O dönəmdə İmru’l Qeys ( امرؤ القيس), Tərəfə ibn əl-Əbd (طرفة بن العبد), Zuheyr ibn Əbi Sulma (زهير بن أبي سلمى), Əntərə ibn Şəddad (عنترة بن شداد) kimi yüksək səviyyəli şairlər Məkkə əhalisi arasında son dərəcə məşhur idilər. Yasin surəsinin 69-cu ayəsində “وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغ۪ي لَهُۜ – Biz Ona şeir öyrətmədik, Ona yaraşmaz” hökmü var. Ərəb düşüncə tərzinə görə, “أَحْسَنُ الشِّعْرِ أَكْذَبُهُ – Ən yaxşı şeir ən yalan olanıdır.” Yalan deyərkən, şeirdə işlənmiş və şeirin əsasını təşkil edən təşbehlər, məcazlar, mübaliğələr, hüsni- təlillər nəzərdə tutulur. Yalan söyləmək isə, əlbəttə, Peyğəmbərə yaraşmaz. Ona görə də İslam Peyğəmbəri müşriklərin təklifini qəbul etməmiş və şeir də söyləməmişdir. Yasin surəsinin 52-ci ayəsində “صَدَقَ الْمُرْسَلُونَ - ALLAHın elçiləri doğru deyiblər” buyurulub.
“Peyğəmbər” əsərinin sonunu Hüseyn Cavid İslam Peyğəmbərinin Qurani- kərimdən gətirdiyi iqtibasla tamamlayır. Zümər surəsinin 9-cu ayəsində buyurulmuş “هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ – Bilənlərlə bilməyənlər eyni olurmu?“
Gərçi xilqətdə bəşər birsə, yenə
Eş deyil bilməyən, əsla bilənə.
Kişi irfan işığından parlar.
Şübhəsiz, bilgidə ALLAH gücü var.
Əlahəzrət zaman bəşəri mövzularda parlaq sənət nümunələri yaradan Hüseyn Cavidin uzaqgörənliyini sübuta yetirdi. Keçən əsrin 30-cu illərində Cavid əfəndiyə həqarət yağdıranlar, kin püskürənlər, “jelezobeton” söz yığınları ilə hücum edənlərin çoxu bu gün unudulub. Çağdaş gəncliyin əksəriyyəti onların adını belə bilmir və də heç nə itirmir. “Əbədi, həmişəyaşar” mənasına gələn Cavid isə söz, sənət və ədəbiyyat bilicilərinin daim oxuyacaqları şəxsiyyət kimi ədəbiyyatımızda öz layiqli yerini qoruyacaqdır.

Ramazan Siracoğlu




