Bakı.Trend:
Yəmənin şərqindəki Şəbva əyalətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə husilərin raket zərbəsi endirməsi nəticəsində azı 40 nəfər həlak olub.
Bu barədə “Al Mashhad” xəbər portalı məlumat yayıb.
Portalın yerli mənbələrinin məlumatına görə, ballistik raketlərlə həyata keçirilən hücumun hədəfi Əl-Alam təlim düşərgəsi olub.
Hücum zamanı düşərgənin ərazisində yeni yaradılmış çevik reaksiya batalyonunun hərbi təlimləri keçirilirmiş.
Xatırladaq ki, Yəməndə husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri ələ keçirməsindən sonra vətəndaş müharibəsi başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci ilin martında Yəmən hökumətinə dəstək məqsədilə ölkəyə hərbi müdaxilə edib. 2022-ci ilin aprelində əldə olunan atəşkəs ölkədə nisbi sakitlik yaradıb. Bununla belə, iyul ayından etibarən döyüşlər yenidən şiddətlənib, sentyabrda isə husilər Hodeyda və Taiz vilayətlərində bir sıra strateji ərazilərə, o cümlədən Əl-Maxa şəhərinə nəzarəti ələ keçiriblər.

