Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərkibinə daxil olan "Petkim" neft-kimya kompleksi Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda tikintisi planlaşdırılan yeni polietilen istehsalı kompleksi üçün ABŞ-nin "Univation Technologies" şirkətinin "UNIPOL™ PE" texnologiyasını seçib.
"Univation Technologies" şirkətindən bildirilib ki, layihə illik ümumi istehsal gücü 850 min ton olan polietilen istehsalı müəssisəsinin yaradılmasını nəzərdə tutur. Kompleks hər birinin istehsal gücü 425 min ton olan iki texnoloji xəttdən ibarət olacaq. Bu xətlərdə polietilenin müxtəlif növlərinin istehsalı mümkün olacaq.
“Texnologiyanın seçilməsi layihənin yekun investisiya qərarının (FID) qəbuluna hazırlanması baxımından mühüm mərhələdir. Layihə həyata keçiriləcəyi təqdirdə, bu, Petkim istehsal sahəsində "UNIPOL™ PE" texnologiyasının ilk tətbiqi və Türkiyədə polietilen istehsalı texnologiyasının istifadəsinə dair ən böyük lisenziya müqavilələrindən biri olacaq”, - deyə şirkətdən bildirilib.
"Univation Technologies" şirkəti qeyd edib ki, poliolefin istehsalı güclərinin genişləndirilməsi Türkiyənin neft-kimya sənayesinin inkişafı və ölkənin bu məhsulların idxalından asılılığının azaldılması baxımından strateji əhəmiyyət daşıyır.
"“Petkim"in illik istehsal gücü 850 min ton olan bu irimiqyaslı layihə üçün UNIPOL™ PE texnologiyasını seçməsi texnologiyamızın sınaqdan çıxmış səmərəliliyini və çevikliyini nümayiş etdirir. İki texnoloji xəttdə yüksək keyfiyyətli polietilen məhsullarının geniş çeşidinin istehsalına imkan verən layihə "Petkim"in uzunmüddətli inkişafına və Türkiyə bazarının dəyişən tələbatı nəzərə alınmaqla daxili tədarükün genişləndirilməsinə töhfə verəcək”, - deyə "Univation Technologies" şirkətinin prezidenti Serin Məsud bildirib.
Qeyd edək ki, "Petkim" Türkiyədə neft-kimya məhsullarının ilk və yeganə inteqrasiya olunmuş istehsalçısıdır. Şirkət plastik, kimyəvi maddələr və qablaşdırma materiallarının istehsalında, eləcə də avtomobil və tikinti sənayesində istifadə olunan geniş çeşiddə neft-kimya məhsulları istehsal edir.
"Univation Technologies" polietilen istehsalı texnologiyalarının, katalizatorların və əlaqədar texniki həllərin hazırlanması və lisenziyalaşdırılması üzrə ixtisaslaşıb.




