Dünya · Trend.az

Paşinyan Konstitusiya layihəsini bu ay açıqlayacaq – Bakı ilə razılaşma gündəmdə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan Konstitusiya layihəsini bu ay açıqlayacaq – Bakı ilə razılaşma gündəmdə xəbəri üçün şəkil

Bakı.Trend:

Ermənistan hökuməti ölkənin yeni Konstitusiya layihəsini noyabr ayında təqdim etməyi planlaşdırır.

"Armenpress"in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentinin daimi komissiyalarının birgə iclasında “Ermənistan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Biz yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, təkliflər qəbul edilərək müzakirə olunacaq. Bu proses yeni Konstitusiya layihəsinin cəmiyyətdə kifayət qədər müzakirə edildiyinə əmin olana qədər davam edəcək. Bundan sonra yeni Konstitusiya layihəsinin növbəti müzakirəsini təşkil edəcəyik”, - deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, hökumətin qarşıdakı ən mühüm vəzifələrindən biri Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir. Bu kontekstdə Ermənistan müxalifəti yeni Konstitusiyanın qəbulunun sözügedən sazişin imzalanmasına və hərtərəfli sülhün təmin olunmasına zəmanət verib-verməyəcəyi məsələsini gündəmə gətirir.

“Yaxın vaxtlarda səylərimiz bu suallara cavab tapmağa yönələcək. Əgər Ermənistanın hakim çoxluğu bu suala aydın şəkildə müsbət cavab versə və bununla bağlı yaranan suallara da inandırıcı cavablar təqdim etsə, əminəm ki, yeni Konstitusiyanın qəbul edilməsi prosesini belə müsbət cavablar fonunda davam etdirəcəyimiz təqdirdə Ermənistan Respublikasının vətəndaşlarının böyük əksəriyyəti seçki məntəqələrinə gələrək yeni Konstitusiyanın lehinə səs verəcək.

Əgər biz müsbət cavablar alsaq, parlament müxalifəti isə buna qarşı çıxsa, bu, müxalifətin Azərbaycanla sülhün əleyhinə olduğu anlamına gələcək. Bu halda, şübhəsiz ki, müxalifətə qarşı ictimai təzyiq göstəriləcək. Hesab edirəm ki, Ermənistanın hakim çoxluğu bu təzyiqə rəhbərlik etməlidir”, - deyə ermənistanlı baş nazir vurğulayıb.

Xatırladaq ki, Ermənistranın hazırkı Konstitusiyasında Azərbaycana qarşı açıq ərazi iddiaları yer alıb və bu sülh sazişinin əldə olunmasına əsas maneə sayılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑